Dövlətlər arasında münasibətlər yalnız müqavilələrlə qurulmur; müqavilə münasibətin hüquqi mətnidir; qarşılıqlı sayğı isə onun mənəvi mətnidir.
Bəzən böyük siyasi proseslərin mahiyyəti kiçik görünən olaylarda üzə çıxır. Bir diplomatik nümayəndəliyin qapısı qarşısında baş verən hadisə də ilk baxışda lokal insident təsiri bağışlaya bilər; lakin söhbət dövlətin təmsil olunduğu məkandan gedirsə, artıq həmin qapının önü adi küçə sayıla bilməz – kəsinliklə sayıla bilməz! Orada toxunulan ünvan bir binadan daha böyük anlayışı – dövləti, bayrağı, beynəlxalq hüququ təmsil edir.
Avqustun 27-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında “naməlum şəxslər” tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi də bax, bu baxımdan dəyərləndirilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin olaya münasibəti aydın, ölçülü və prinsipialdır: təxribat pislənilir, onun hərtərəfli araşdırılması, hüquq qiyməti alması və təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tələb olunur. Rəsmi Bakı haqlı olaraq 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəlikləri xatırladır.
Burada çox önəmli bir incəlik vardır: Azərbaycan kimdənsə imtiyaz istəmir – hüquq tələb edir, hüquq!..Üstəlik, yalnız öz hüququnu qabartmır, məhz dövlətlərarası münasibətlərin hüququnu müdafiə edir.
Diplomatiyanın toxunulmazlığı çağdaş beynəlxalq sistemin əsas qaydalarından biridir. Bu qayda böyük dövlət üçün də, kiçik dövlət üçün də eynidir. Dövlətlərin ərazisi fərqli ola bilər, iqtisadi və hərbi imkanları fərqlənə bilər, tarixi təcrübələri fərqlənə bilər – ancaq suverenlik anlayışının hüquq çəkisi fərqli ola bilməz.
Burada məsələ Moskvada bir binanın qarşısında baş vermiş təxribatın sınırlarını aşır.
Azərbaycan XİN-in açıqlamasında xüsusi diqqət çəkən başqa bir məqam da vardır. Nazirlik bu hadisənin son dönəmlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olmasını istisna etmir. – XİN bunu diplomatik üslubda deyir – başa düşürük; bizcə, baş verənləri həmin kampaniyadan tam ayrı təsəvvür etmək çətindir; olayların ardıcıllığı ortaq siyasi-informasiya iqliminin izlərini açıq göstərir. Yəni bu qədər ardıcıllığı sadəcə təsadüflərin ayağına yazmaq siyasi sadəlövhlük olardı.
Küçəyə çıxan siyasi aqressiyanın çox vaxt küçədən başlamadığı bəllidir. Öncə söz sərtləşir, sonra leksikon kobudlaşır; ardınca qarşı tərəfin dövlətçilik iradəsinə, xalqına, rəhbərliyinə yaraşmayan ifadələr işlədilir və… bir də baxırsan, ritorika adiləşdi. Bir müddət sonra isə informasiya məkanında yaradılmış həmin psixoloji atmosfer ictimai davranışa keçə bilir.
Başqa sözlə desək, informasiya təxribatı ilə küçə təxribatı arasında görünməyən bir körpü yaranmış olar. O baxımdan hadisəni son aylardakı ümumi informasiya fonundan ayırmaq doğru olmazdı.
Avqustun 18-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmış, Rusiyanın media və informasiya məkanında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqir, təhdid və hətta zorakılıq məzmunlu ritorika ilə bağlı Bakının ciddi narahatlığı və qəti etirazı onun diqqətinə çatdırılmışdı. Azərbaycan tərəfi belə fəaliyyətlərin dayandırılması üçün təsirli tədbirlər görülməsini tələb etmişdi. Deməli, 27 avqust hadisəsini tamamilə boş siyasi məkanda baş vermiş təsadüfi epizod kimi qəbul etmək çətindir.
Əlbəttə, hüquqi dövlət məntiqi gümanla faktı bir-birinə qarışdırmamağı tələb edir. Olayı kimin və hansı məqsədlə təşkil etdiyini istintaq üzə çıxarmalıdır. Elə Azərbaycan XİN-in mövqeyinin gücü də bundadır: Bakı araşdırma tələb edir, hökm vermir; hökmü araşdırmadan öncə vermək bizim dövlət davranışımıza xas deyil. Bakının yanaşması dövlət ağlının məhsuludur; dövlət ağlı emosiyanı idarə edir, hüququ isə önə çıxarır.
Məsələnin daha geniş siyasi qatında isə yeni bir gerçəklik vardır.
Bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Dövlətimiz artıq ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmiş, bölgədə yeni siyasi-hərbi gerçəklik yaratmış, müstəqil xarici siyasət yürüdən, Gündoğarla Günbatar, Quzeylə Güney arasında öz milli çıxarlarına əsaslanan münasibətlər sistemi quran dövlətdir. Bəli, bu dəyişiklik yalnız xəritədə baş verməyib; ölkəmizin özünüdərkində, dövlət davranışında, diplomatik leksikonunda baş verən dəyişikliyi görməmək mümkün deyil. Bununla belə, biz qalib ədasıyla deyil, qalib ləyaqəti ilə davranırıq.
Dostluq – bəli; işbirliyi, qarşılıqlı fayda – bəli; ancaq bunların heç biri suveren ləyaqətin hesabına ola bilməz!
Biz heç bir dövlətlə münasibətlərimizi üçüncü tərəfin diktəsi ilə müəyyənləşdirmədiyimiz kimi, heç bir tərəfin də Azərbaycanla münasibətləri köhnə geosiyasi stereotiplərlə qurmasını qəbul edə bilmərik. Ərazi və hərbi güc baxımından böyük dövlət olmaq başqa dövlətin ləyaqətini kiçiltmək hüququ vermir. Əksinə, siyasi böyüklüyün ən önəmli ölçülərindən biri özündən daha kiçik coğrafiyaya malik dövlətin suverenliyinə necə münasibət göstərməkdir.
İmperiyalar tabelik istəyər, çağdaş dövlətlər tərəfdaşlıq qurar. – XXI yüzilin beynəlxalq münasibətlər fəlsəfəsində əsas fərqlərdən biri də bu olsa, gərək.
Yaxşı bəs Rusiya–Azərbaycan münasibətlərinə zərər vuran kimdir?
Azərbaycanla Rusiya arasında münasibətlər bir günün içində yaranmayıb. Bu münasibətlərin dövlətlərarası, iqtisadi, humanitar, mədəni və insani qatları vardır. Rusiyada böyük Azərbaycan icması yaşayır; xalqlar arasında uzun tarixi təmaslar mövcuddur. Bax, elə buna görə də, münasibətləri qorumaq istəyən hər kəs onları zədələyən ritorikaya da qarşı çıxmalıdır.
Azərbaycan əleyhinə nifrət dili dövlətlərarası münasibətlərinə xidmət edə bilərmi? – Əsla!
Strateji ağılla yanaşıldıqda, Azərbaycan dövlətinə qarşı təhqirlərin Rusiyanın özünün milli çıxarlarına xidmət etmədiyi gün kimi aydındır. Azərbaycanla münasibətləri gərginləşdirmək istəyən dairələrin fəaliyyəti də sağlam əməkdaşlıq maraqları ilə qətiyyən uzlaşmır. Buyursunlar, əgər dostluqdan danışırıqsa, dostluğun məsuliyyətini də qəbul etməliyik.
Dostluq yalnız yaxşı günlərdə səsləndirilən protokol ifadəsidirmi?...Əsl münasibət böhran gümanı yarananda sınaqdan keçir: tərəflər təxribatı böyüdür, yoxsa qarşısını alır? Emosiyanı qızışdırır, yoxsa hüququ işə salır? Media nifrət ürətir, yoxsa ictimai məsuliyyət göstərir?
Bax, elə bu nöqtədə rəsmi Moskvanın davranışı önəm qazanır.
Olayın obyektiv araşdırılması, təxribatı törədənlərin üzə çıxarılması, hüquqi qiymətin verilməsi və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin güvənli təmin olunması Kremlin öz beynəlxalq məsuliyyətinə münasibətinin göstəricisidir.
Səfirlik başqa ölkənin ərazisində dövlətin hüquqi-siyasi varlığının rəmzidir.
O qapının üzərindəki gerb metaldan düzəldilmiş nişan kimi görülməməlidir; gerb – dövlətin suveren imzasıdır. Orada dalğalanan bayraq tarixdir, yaddaşdır, dövlətçilik iradəsidir. Ona görə diplomatik nümayəndəliyə yönəlmiş hər hansı təxribatın semantikası onun fiziki miqyasından qat-qat böyükdür.
Azərbaycanın olaya reaksiyası prinsipialdır. – Nə isterika var, nə diplomatik etikadan qırağa çıxan söz.
Ancaq tərəddüd, çəkingənlik də yoxdur!
Bu, son illərdə Azərbaycan diplomatiyasının formalaşdırdığı yeni siyasi üslubun səciyyəvi cəhətidir: sakit ton, aydın mövqe, hüquq əsası və milli ləyaqət! Əslində güclü dövlətin səsi həmişə ucadan çıxmaya bilər; güclü dövlətin sözü aydın çıxar.
Azərbaycanla Rusiya qonşudur; amma XXI yüzildə qonşuluğun məzmunu dəyişməlidir. Yəni o nəsnələr ki dəyişməməsi Moskvadan, Bakıdan asılı deyil – dəyişməsin; qonşuluğun siyasi mədəniyyəti isə dəyişməlidir.
Keçmiş yüzilliklərin güc iyerarxiyasına əsaslanan münasibətlər modeli artıq yeni Avrasiyanın gerçəkliklərinə cavab vermir. Bu gün müstəqil dövlətlər arasında sağlam münasibətin düsturu sadədir:
qarşılıqlı maraq,
qarşılıqlı sayğı,
beynəlxalq hüquq. – Bax, bunlardan biri yoxdursa, münasibətin tarazlığı pozulacaqdır.
Azərbaycan hər bir dövlətlə normal, qarşılıqlı faydalı, proqnozlaşdırılan münasibətlərdə maraqlıdır; lakin normal münasibət birtərəfli güzəştlər sistemi deyildir. – Bəli, normal münasibət qarşılıqlı məsuliyyətdir. Bakı Moskvadan qeyri-adi heç nə istəmir. Bayrağımıza, dövlətimizə və diplomatik nümayəndəliyimizə beynəlxalq hüququn tələb etdiyi münasibət göstərilsin; Azərbaycan əleyhinə təxribatların qarşısı alınsın; nifrət ritorikasının siyasi münasibətləri zəhərləməsinə imkan verilməsin. – Bizim istədiyimiz bunlardır.
Dövlətlərarası münasibətlərdə ən təhlükəli məqam problemlərin yaranmasından daha çox problemlərin adiləşməsidir. Təxribat adiləşəndə onun miqyası böyüyür; təhqir adiləşəndə siyasi dil korlanır; nifrət adiləşəndə xalqlar arasındakı məsafə artır. Ona görə də belə hadisələrin qarşısı elə ilk mərhələdə, hüququn, diplomatiyanın və siyasi məsuliyyətin dili ilə alınmalıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı da buna çağırır.
Azərbaycan dostluğa dostluqla cavab verir, əməkdaşlığa əməkdaşlıqla yanaşır, qarşılıqlı sayğıya yüksək dəyər verir – ancaq öz dövlət ləyaqətinin müzakirə mövzusuna çevrilməsinə imkan vermir.
Çün dövlət müstəqilliyi həm də özünə münasibətin ölçüsünü özünün müəyyənləşdirməsidir.
Azərbaycan bax belə Azərbaycandır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!












