Nepal hökuməti ölkənin sərhəd bölgələrində böyük dağıntılara səbəb olan daşqınlardan sonra bərpa işləri üçün 4-5 milyard dollar vəsaitə ehtiyac duyulduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Svarnim Vaqle "Reuters" agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu rəqəm hələlik ilkin qiymətləndirmədir və zərərin tam həcmi hazırda hesablanır.
Məlumata görə, çərşənbə günü səhər Nepalın şimalında güclü daşqın baş verib. İlkin araşdırmalar göstərir ki, fəlakət Nepal-Çin sərhədində, Rasuvaqadi sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə qaya, buz və qar uçqununun çaya düşməsi nəticəsində yaranıb. Nəticədə böyük həcmdə su, qaya və palçıq kütləsi çay boyunca onlarla kilometr hərəkət edərək yaşayış məntəqələrini dağıdıb, yolları, körpüləri və digər infrastrukturu məhv edib.
Hazırda bölgədə xilasetmə və bərpa işləri davam edir. Nepal hökuməti yaxın günlərdə daşqınların vurduğu ümumi zərərin daha dəqiq qiymətləndiriləcəyini bildirib.
Murad İsmayıl




