“10 avqust 2026-cı il tarixdə Diqləm Əsgərov gətirib maşınıma sənəd atıb ki, ayın sonuna kimi 13 min azn pul verməsən, traktor gətirib yaşadığın evi dağıdacağam. Mən də buna əhəmiyyət vermədim”.
Bu barədə Bakıvaxtı.az-a uzun illər erməni girovluğunda qalmış və Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə ölkəyə gətirilmiş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Müsahibimiz qeyd edib ki, elə həmin gün, yəni 10 avqustda Şəmkir rayonunda Məscidin yaxınlığındakı çay evindən çıxarkən, D.Əsgərov onu görüb, yaxınlaşaraq, mübahisə edib:
“Məndən pul tələb etdi. Etiraz etdim ki, pulu haradan alım?! Bunu deyəndən sonra dəmir boru götürüb, məni döydü. Qolumu qabağına tutmasaydım, o zərbələr başıma dəyəcəkdi. Hətta zərbələrə dözməyib, yerə yıxıldıım, Təcili Tibbi Yardım gəlib, məni xəstəxanaya apardı. Hələ bu azmış kimi, məni döyəndən sonra 102 zəng açaraq, məndən şikayət edib ki, Kürdoğlu narkomandır, nəşədən çəkib məni öldürür, imkan verməyin. Xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra polis şöbəsinə yaxınlaşdım. Mənə məlumat verdilər ki, səndən şikayət var, adam öldürməyə cəhd göstərmisən. Mən də dedim ki, D.Əsgərov şər-böhtan yaxan adamdır. Baxın görün mən nə gündəyəm?! Baxdılar ki, bütün bədənim zədədir, qollarım, gözüm və başımda ağır zədələr var. O məndən şikayət etdiyi üçün mən də elə ondan şikayət etdim. Onun şikayətinə əsasən, Şəmkir rayon polis şöbəsinin əməkdaşları məni Gəncəyə apardılar, bütün narkoloji yoxlanışdan keçirdilər. Şahidi oldular ki, mən ömür boyu narkotik çəkməyən adam olmuşam. Hər şey təmiz çıxdı. Müəyyən etdilər ki, D.Əsgərov mənə şər atır, həm də qanuna yalan danışır. Sonra döyüldüyüm yerin video-görüntülərini çıxardılar. İzləyib, şahidi oldular ki, onun əlində dəmir boru olub, mən də “əliyalın” olmuşam. Mənə hücum edib, vurub, zərbələr nəticəsində yıxılmışam. Ondan sonra bu insan haqqında Şəmkir rayon polis şöbəsində 128-ci maddə ilə cinayət işi açıldı. İndi də işi məhkəməyə keçiriblər. Sentyabrın 2-də məhkəmə baş tutacaq”.
K.Əsgərovun sözlərinə görə, D.Əsgərov girovluqda olanda onun azadlığı uğrunda ciddi mübarizə aparıb:
“Mən bunu valideynim hesab edirdim. O isə çıxıb, sosial şəbəkələrdə danışır ki, Kürdoğlu mənim oğlum deyil. Onu 1993-cü ildə Cəbrayıl rayonunda erməninin donuz damından tapmışam. Ölməsin deyə, ona donuz südü içirmişəm. Qeyd edir ki, 1993-cü ildə onun oğlu olmayıb. Mən də belə qənaətə gəlirəm ki, uşaqlıqdan bunun mənə olan aqressiyası, məni digər övladlarından ayırması yəqin elə bununla bağlıdır. Özü bunu etiraf edir. Mən də belə qənaətə gəlmişəm ki, əslim-köküm, Cəbrayıl rayonundandır. D.Əsgərovun da valideynlərimlə qəsdi-qərəzi olub. 1993-cü ildə Cəbrayılda gedən döyüşlərdən istifadə edərək, valideynlərimi qətlə yetirib. Bununla bağlı məhkəmədə iddia qaldıracağam. DNK analizi tələb edəcəyəm. Bəlkə elə həqiqətən də Dilqəmin oğlu deyiləm”.
K.Əsgərov diqqətə çatdırıb ki, D.Əsgərovun danışdıqları yalandır:
“Bunu dövlət də bilir, Daxili İşlər Nazirliyi də. Mən narkomanamsa, cinayətkaramsa, mənə cinayət işi açsınlar”.
K.Əsgərov söyləyib ki, D.Əsgərov girovluqdan azad edildikdən sonra ilk dəfə Şahbaz Quliyevlə savaşıb:
“İndi o qənaətə gəlmişəm ki, Ş.Quliyev düz deyirmiş. D.Əsgərovun bir sözü də düz deyil. Hamı ilə savaşır. Şahbazla başladı, sonra doğma qardaşı Ağaəli Əsgərova keçdi. Ondan sonra əmim uşaqları ilə savaşdı, indi də əlinə mən keçmişəm. Ayda bir dəfə qaçıb, yalandan şikayət edir. Şəmkir rayonunun polis rəisi Nəvai müəllim sağ olsun, məni şəxsən qəbul edib, ədalətli araşdırma aparır. D.Əsgərov məni o həddə çatdırıb ki, deyiləsi, danışılası dərd deyil. Sonunu da gətirib bu mərhələyə çıxardı”.
K.Əsgərov onu da əlavə edib ki, məlum hadisə ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə də rəsmi qaydada müraciət edib:
“Bu məsələnin ciddi şəkildə araşdırılmasını xahiş etmişəm. O, mənə xəsarət yetirib, bundan başqa DİN-ə haqqımda yalan məlumatlar verib, qanunu aldatmağa çalışıb. Məni cəmiyyətdə, el-obada nüfuzdan salır. Şəxsiyyətimi alçaldır. Mənə narkoman damğası vurur. Mən də yoxlamadan keçdim, tər-təmiz çıxdım. Çıxıb deyir ki, Kürdoğlunu erməninin donuz damından tapmışam. Bunların hamısı o işə əlavə olunacaq. Onun şər-şəbədəsinə nə qədər dözmək olar?! Ailəmin övladlarımın yanında biabır olmuşam. Məni ölüm həddinə çatdırıb. Evdə 3 azyaşlı övladım var. Uşaqlarımın da psixologiyasını pozub”.
Aydın Baxış




