Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası məqsədilə Rusiya və Ukrayna ilə yeni dəhlizin yaradılması üzrə intensiv danışıqlar aparır. Ankara mümkün razılaşmanın həm gəmiçiliyin təhlükəsizliyinə, həm də qlobal ərzaq qiymətlərinin sabitləşməsinə töhfə verəcəyini hesab edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ekonomim” qəzeti Türkiyənin Nəqliyyat və Xarici İşlər nazirliklərindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ankara yeni taxıl dəhlizinin açılması məsələsində Moskva və Kiyevlə davamlı və sürətləndirilmiş diplomatik təmaslar saxlayır.
Qeyd olunur ki, tərəflər Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edəcək yeni mexanizmin yaradılması ilə bağlı razılığa gələ bilsələr, bu addım həm Türkiyənin ticarət donanmasının təhlükəsizliyinin qorunmasına, həm də dünya bazarlarında ərzaq məhsullarının bahalaşmasının qarşısının alınmasına kömək edə bilər.
Danışıqlar hazırda davam etsə də, mümkün razılaşmanın nə vaxt əldə olunacağı ilə bağlı konkret vaxt cədvəli yoxdur. Bununla belə, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə diplomatik kanalları açıq saxlayır.
İstanbul Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Assosiasiyasının rəhbəri Kazım Taycı bildirib ki, hazırda Qara dəniz vasitəsilə taxıl daşımaları faktiki olaraq dayanıb.
Türkiyə-Ukrayna Biznes Şurasının rəhbəri İsmayıl Ziya Üzel isə xəbərdarlıq edib ki, Qara dənizdə gərginliyin artması ərzaq qiymətlərinə əlavə təzyiq yarada bilər. Onun sözlərinə görə, Türkiyənin un və makaron ixracında mövqeyini qoruması üçün əvvəlki “taxıl sazişi”nə bənzər yeni mexanizmin hazırlanmasına ehtiyac var.
Məsələ Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi fonunda da aktuallaşıb. Rusiyanın Türkiyədəki səfiri Sergey Verşinin daha əvvəl mülki və Türkiyəyə məxsus gəmilərə hücumlarla bağlı Ukraynanı ittiham edib. Kremlin sözçüsü Dmitri Peskov isə tankerlərə hücumları qəbuledilməz adlandıraraq bunu Türkiyənin suverenliyinə qarşı təhdid kimi qiymətləndirib.
Türkiyə Xarici İşlər Nazirliyi də Qara dənizdə gəmilərə qarşı hücumların Ankarada ciddi narahatlıq doğurduğunu açıqlayıb.
Xatırladaq ki, Qara Dəniz Taxıl Təşəbbüsü 22 iyul 2022-ci ildə Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə imzalanmışdı. Razılaşma Ukrayna taxılı, ərzaq məhsulları və gübrələrinin Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasını nəzərdə tuturdu.
Razılaşmanın müddəti 18 iyul 2023-cü ildə başa çatıb. Rusiya tərəfi saziş çərçivəsində Moskva qarşısında götürülən öhdəliklərin yerinə yetirilmədiyini əsas gətirərək təşəbbüsdən çəkilmişdi.
Murad İsmayıl




