Litva Azərbaycandan təbii qaz idxalının artırılması imkanlarını nəzərdən keçirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində iş aparılır. Sabah keçiriləcək biznes forumunda iqtisadiyyat nazirlərinin və hər iki ölkənin iş adamlarının iştirakı ilə investisiya imkanları müzakirə olunacaq.
Kestutis Budris Litva şirkətlərinin artıq Azərbaycana investisiya yatırdığını, regionda fəaliyyətlərini genişləndirmək imkanlarını araşdırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu əməkdaşlıq xüsusilə enerji və nəqliyyat-kommunikasiya sahələrini əhatə edir.
Litvanın enerji təchizatı mənbələrini daha da şaxələndirməkdə maraqlı olduğunu bildirən nazir Avropa İttifaqının təbii qaz idxalını artırmaqla bağlı iddialı planlarının olduğunu vurğulayıb. O, Litvanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı sahəsindəki regional mövqeyindən istifadə edərək digər ölkələrin də təchizatına töhfə vermək imkanlarını qeyd edib.
Kestutis Budris, həmçinin gələn il yanvarın 1-dən Litvanın Avropa İttifaqı Şurasına sədrliyə başlayacağını xatırladıb. Bildirib ki, bu müddətdə ölkəsi həm Aİ-yə üzv 27 dövlət arasında razılaşmaların əldə olunmasına, həm də İttifaqın tərəfdaşlarla münasibətlərinin inkişafına dəstək göstərəcək.
Nazir Azərbaycanla münasibətlərdə də konkret nəticələrin əldə olunmasını istədiklərini vurğulayıb.
Zeynəb Rzayeva
















