• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Litva Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsini istəyir

SİYASƏT

25 Noyabr 2026 | 13:36 | Müəllif: Günəş Mərd

Litva Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsini istəyir

Azərbaycan Cənubi Qafqazda strateji enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əsas ölkədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan və Litva xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan vasitəsilə yalnız Cənubi Qafqazı deyil, həm də Mərkəzi Asiyanı Avropaya yaxınlaşdırmaq, bu regionların resurs və potensialını Avropa ilə əlaqələndirmək mümkündür. Bununla yanaşı, Avropa investisiyalarının cəlb edilməsi, sabit iqtisadi mühitin yaradılması, təchizatın təhlükəsizliyi və ticarət şərtlərinin yaxşılaşdırılması vacibdir.

Nazirin sözlərinə görə, tranzit şərtlərinin Rusiya tərəfindən manipulyasiya edilməsinin qarşısını almaq üçün Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə həm maliyyə dəstəyi, həm də siyasi çərçivənin formalaşdırılması zəruridir.

K.Budris qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın strateji səviyyəyə yüksəldilməsi də müzakirə olunan prioritetlərdəndir. Litva gələn il yanvarın 1-dən Aİ Şurasına sədrliyi dövründə üzv ölkələr arasında bu məsələyə dair ortaq mövqenin formalaşmasına çalışacaq.

O, hazırda Aİ-nin növbəti yeddiillik büdcəsinin müzakirə edildiyini xatırladaraq, “Global Europe” proqramı çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətinin prioritetlər sırasına daxil edilməsini istədiklərini vurğulayıb.

K.Budris viza liberallaşdırılmasının da qarşılıqlı maraqlara uyğun olduğunu bildirib. Onun sözlərinə görə, azərbaycanlı iş adamlarının, turistlərin və digər vətəndaşların Avropaya, eləcə də avropalıların Azərbaycana səfərlərinin asanlaşdırılması hər iki tərəf üçün faydalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026