Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik və İran ətrafındakı qeyri-sabit vəziyyət ciddi narahatlıq doğurur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, mövcud beynəlxalq vəziyyətlə bağlı müzakirələr zamanı müsbət inkişaflarla qarşılaşmaq mümkün deyil və bir sıra ciddi narahatlıq doğuran məqamlar var.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi həm tərəflər, həm də daha geniş region üçün çoxsaylı risklər yaradır. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin davam etməsi və İran ətrafındakı vəziyyətin tam sabitləşməməsi də narahatlıq doğuran amillərdəndir.
Ceyhun Bayramov qeyd edib ki, görüş zamanı bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb. O, müharibə və münaqişələrin sona çatdırılmasının, onların diplomatik həll yollarının tapılmasının vacibliyini vurğulayıb.
Zeynəb Rzayeva
















