Litvanın “Dominare” şirkəti işğaldan azad edilmiş ərazidə – Araz Vadisi İqtisadi Zonasında mebel istehsalı müəssisəsi qurur. Layihə çərçivəsində 50 milyon manat investisiya yatırılması və 650 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq imkanları, xüsusilə də ölkəmizdə biznes fəaliyyəti üçün perspektivli sahələr müzakirə olunub. Sabah keçiriləcək biznes forumunda bu istiqamətlər üzrə daha ətraflı məlumatların təqdim edilməsi nəzərdə tutulur.
Ceyhun Bayramov Şərq-Qərb dəhlizinin, Ələt-Azad İqtisadi Zonasının logistik və qanunvericilik üstünlüklərinin, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının xarici investorlar üçün imkanlarının diqqətə çatdırılmasının vacibliyini vurğulayıb.
O, Litvanın “Dominare” şirkətinin Araz Vadisi İqtisadi Zonasında həyata keçirdiyi layihəni bu əməkdaşlığın ilkin müsbət nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, layihənin reallaşması nəticəsində işğaldan azad edilmiş ərazilərdə 650 yeni iş yerinin yaradılması planlaşdırılır.
Zeynəb Rzayeva
















