Serbiya hakimiyyəti Çeçenistan rəhbəri Ramzan Kadırovun ikinci oğlu Əli Kadırovu ölkə üçün “xüsusi maraq kəsb edən şəxs” hesab edərək ona vətəndaşlıq verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
“Əli Kadırov Serbiya pasportunu 2025-ci ilin iyulunda, 18 yaşı olarkən alıb. Sənəd ona xüsusi xidmətlərinə görə Əli Musayev adı ilə verilib. Onun bu adla rəsmiləşdirilmiş məxfi Rusiya pasportu da var. Kiçik Kadırov artıq uzun illərdir şəxsi təyyarələrlə xarici ölkələrə məhz bu pasportla səfər edir.
Korrupsiyaya qarşı Mübarizə Fondu Kadırovun oğlunun Serbiya vətəndaşlığından məhrum edilməsi tələbi ilə ölkə hakimiyyətinə müraciət göndərib, həmçinin bu barədə AB hakimiyyət orqanlarını məlumatlandırıb. Son illərdə “xidmətlərinə görə” yüzlərlə Rusiya vətəndaşı Serbiya pasportu alıb. Onların arasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, dövlət şirkətlərinin menecerləri, Putinin ətrafına yaxın şəxslər və müxtəlif səviyyəli Vahid Rusiya Partiyasının üzvləri var”, - məlumatda deyilib.
















