Rusiya hökuməti istehsalçılar tərəfindən dizel yanacağı, dəniz yanacağı və qazoyl ixracına qoyulan qadağanı sentyabrın 30-dək uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Qeyd edək ki, Rusiyadan istehsalçılar tərəfindən dizel və dəniz yanacağının, eləcə də qazoylun ixracına tətbiq edilən məhdudiyyət avqustun 31-dək qüvvədə idi.
“Rusiyadan birbaşa istehsalçılar tərəfindən ixrac edilən dizel və dəniz yanacağının, eləcə də qazoylun ixracına qoyulan qadağanın uzadılması barədə fərman imzalanıb. Məhdudiyyət 30 sentyabr 2026-cı ilədək qüvvədə qalacaq”, – deyə hökumətin açıqlamasında bildirilib.
Xatırladaq ki, bu yay Rusiyada yanacaq təchizatında fasilələr yaranıb. Vəziyyəti sabitləşdirmək məqsədilə hökumət bir sıra tədbirlər həyata keçirib.
Belə ki, həm istehsalçılar, həm də digər ixracatçılar üçün benzinin ixracına qoyulan qadağa 31 yanvar 2027-ci ilədək uzadılıb. Eyni zamanda, istehsalçı olmayan şirkətlər tərəfindən qazoyl, dizel və dəniz yanacağının ixracına da qadağa tətbiq edilib.
Bundan əlavə, yanacaq idxalı üzrə vergi güzəştləri tətbiq olunub və daxili istehsalın artırılması istiqamətində tədbirlər görülüb.
Avqustun əvvəlində isə Rusiya hakimiyyəti neft şirkətlərinin müstəqil yanacaqdoldurma məntəqələrinə regional operatorlar vasitəsilə yanacaq tədarük etməsi barədə razılığa gəlib.




