Ermənistan parlamentindəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan və onun silahdaşı Alik Aleksanyana qarşı cinayət işi üzrə istintaq başa çatıb. Tərəflər cinayətkar qrup yaratmaq, çirkli pulların yuyulması və seçicilərə rüşvət verməkdə ittiham olunurlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “datalex.am” məhkəmə məlumatları portalında məlumat yerləşdirilib.
Bildirilib ki, cinayət işinin materialları artıq məhkəməyə göndərilib. İşə hakim Levon Petrosyan baxacaq.
İstintaq materiallarına əsasən, Narek Karapetyan və Alik Aleksanyan dövlətə ziyan vurduğu iddia olunan cinayətkar qrup yaratmaqda və ona rəhbərlik etməkdə ittiham edilirlər. Lakin iş materiallarında dövlətə vurulduğu iddia olunan ziyanın konkret məbləği göstərilmir.
Bundan başqa, Karapetyan və Aleksanyan iş üzrə digər təqsirləndirilən şəxs Aşot Varosyanla birlikdə külli miqdarda çirkli pulların yuyulmasında və seçicilərə rüşvət verilməsində ittiham olunurlar.
Narek Karapetyan barəsində 1 milyard dram məbləğində girov qətimkan tədbiri seçilib. Alik Aleksanyan isə iyunun 3-dən həbsdə saxlanılır.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, “Po-svomu” ictimai təşkilatının təsisçisi və icraçı direktoru Alik Aleksanyan 2025-ci ilin oktyabrından 2026-cı ilin martına qədər “Taşir” Fondundan hədiyyə və kredit adı altında təxminən 4,4 milyon dollar və 230 min avro vəsait alıb.
İstintaq çərçivəsində Narek Karapetyanın evində də axtarış aparılıb. Onun müdafiə tərəfi isə hüquq-mühafizə orqanlarının axtarış zamanı cinayət işi üçün əhəmiyyət daşıyan hər hansı sübut aşkarlamadığını bildirib.
Murad İsmayıl




