Qırğızıstan Prezidenti Sadir Japarov Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammiti və VI Dünya Köçəri Oyunları ərəfəsində ölkənin təhlükəsizlik qüvvələrinin hazırlığını yoxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində keçirilən qarnizon baxışında müxtəlif dövlət qurumlarından təxminən 15 min nəfərlik heyət iştirak edib.
Onların arasında Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Vergi və Gömrük xidmətləri, Dövlət Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti və Ali Məhkəmənin Məhkəmə Departamentinin əməkdaşları yer alıb.
Prezidentə təhlükəsizlik və fövqəladə hallara müdaxilə üçün nəzərdə tutulan zirehli texnika, təcili yardım avtomobilləri, radio-rabitə vasitələri, dron əleyhinə sistemlər, kriminalistika avadanlıqları, portativ rentgen aparatları, komanda maşınları, metal detektorları, manipulyatorlar və su şırnaqlı xüsusi texnika nümayiş etdirilib.
Bundan başqa, atlı və xidməti itlərdən ibarət bölmələrin hazırlığı da təqdim olunub.
Sadir Japarov çıxışında bildirib ki, hüquq-mühafizə və təhlükəsizlik strukturlarının əsas vəzifəsi beynəlxalq tədbirlər zamanı ictimai asayişi qorumaq, həm Qırğızıstan vətəndaşlarının, həm də ölkəyə gələn xarici qonaqların təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının sammiti 31 avqust – 1 sentyabr 2026-cı il tarixlərində Bişkekdə keçiriləcək.
Murad




