• Bakı C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

2025-ci ilin hədəfləri Azərbaycana daha möhtəşəm uğurlar vəd edir - Vüqar Rəhimzadə

SİYASƏT

02 Yanvar 2025 | 16:11

2025-ci ilin hədəfləri Azərbaycana daha möhtəşəm uğurlar vəd edir - Vüqar Rəhimzadə

2025-ci ilin başlanğıcı Azərbaycanın qarşıdakı illərdə daha da inkişaf etməsi üçün böyük perspektivlər təqdim edir. Bu dövr ölkənin əldə etdiyi möhtəşəm nailiyyətlərin və ümumi inkişaf yolunun yeni mərhələsini işarə edir. Prezident İlham Əliyevin rəhbərliyi altında atılmış addımlar Azərbaycanın regional və beynəlxalq münasibətlərdə daha güclü mövqelər qazanmasına, həmçinin daxili iqtisadiyyatın və sosial sahələrin inkişafına yol açıb.

Bəs 2025-ci ilin Azərbaycan üçün nələr vəd etdiyini əsaslı təhlil etsək, hansı qənaətə gələrik? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Deputatı Vüqar Rəhimzadə bildirib ki, 2025-ci ildən gözləntilərimiz əvvəlki dövrün reallıqlarına söykəndiyi üçün öncə 2024-cü ilin ölkəmizin həyatında hansı hadisələrlə, hansı mühüm məqamlarla yadda qaldığını qısaca nəzərdən keçirməyə böyük zərurət duyulur:

"Azərbaycan dövlətinin və xalqının hər ili tarixinə uğur səhifəsi kimi yazması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Son 21 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin daim səsləndirdiyi  “Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq” çağırışı uğurlarımızda özünün aydın ifadəsini tapır".

Millət vəkili qeyd edib ki,  uğurlarımıza yol açan məqamlardan biri də ölkəmizdə sabitliyin hökm sürməsidir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Bu gün dünyada baş verən hadisələr  göz qabağındadır.  Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan xalqı  isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır:

"Ölkəmiz dünyada sabit və təhlükəsiz ölkə kimi tanınır və nüfuz qazanır. Bu mühüm amil Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin miqyasında özünün aydın ifadəsini tapır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir, söz sahibliyi artır.  Müxtəlif dövlətlərin sabitləşdirici və  birləşdirici aktor kimi mövqeyini möhkəmləndirən ölkəmizlə iqtisadi əlaqələrinin genişlənməsində də sabitlik amili mühüm yer tutur. Dövlətimizin başçısı Yeni il müraciətində bu əminliyi də ifadə etdi ki, Azərbaycanda  bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaq".

Vüqar Rəhimzadə 2024-cü ilin  mühüm diplomatik uğurları sırasında Qazax rayonunun 4 kəndinin  azad edilməsini xüsusi vurğulayıb. Bildirib ki, ölkəmiz bütün məsələləri inamla, ardıcıllıqla həll edir: 

"Birinci mərhələdə-2020-ci ilin Vətən müharibəsində Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsi işğalçılardan azad edildi.  İşğal altında qalan digər torpaqlarımız  isə 2023-cü ildə həyata keçirilən  bir günlük lokal antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. 2024-cü il isə  Qazax rayonunun dörd kəndinin bir güllə atılmadan, siyasi yollarla geri alınması ilə çağdaş  tariximizə yazıldı. Prezident İlham Əliyevin sözügedən müraciətində qeyd etdiyi kimi, təbii ki,  əgər son dörd ilin hadisələri baş verməsəydi, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar Azərbaycanın siyasi, hərbi gücünü dərk edərək bunu etdilər".

Vüqar Rəhimzadə qarşıdakı dövrün hədəflərinə və onların uğurlu icrasına inam yaradan, əsas verən mühüm hadisəni də xüsusi qeyd edib. Bildirib ki, 2024-cü ilin ilk ayları  ölkəmizin həyatında müstəqillik tariximizdə ilk dəfə olaraq  bütün ölkə ərazisində prezident seçkilərinə hazırlıq və 7 fevral tarixində siyasi kampaniyanın keçirilməsi ilə yadda qaldı: 

"Cənab İlham Əliyev növbəti dəfə xalqın dəstəyini qazanaraq Prezident seçilməklə  qalib, suverenliyini bərpa edən Azərbaycanın qarşısında yeni imkanların, üfiqlərin açılmasını təmin etdi. Bu gün  xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni reallıqların qarşıya qoyduğu hədəflərin icrasına doğru inamla irəliləyir. “Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir” söyləyən cənab İlham Əliyev bildirdi ki, bundan sonra da bu yüksək etimadı doğruldacaq".

Son olaraq V.Rəhimzadə vurğulayıb ki,  Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur:

"Azərbaycan 21 ildir inamla, uğurla inkişaf edir. Bu illər ərzində çətinliklər,  sınaq məqamları, müharibələr, bizə qarşı əsassız ittihamlar  olsa da  heç biri ölkəmizi getdiyi düzgün yoldan döndərə bilmədi. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Dövlətimizin başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki,  ayağımıza dolaşmaq istəyənlər  növbəti dəfə iflasa uğrayacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Yanvar 2025