ABŞ prezidenti Donald Tramp fələstinlilərin ərəb ölkələrinə sürgün edilməsi təklifini irəli sürüb.
O, bu ölkələri Qəzzanı “təmizləmək” və fələstinliləri “müvəqqəti” və ya “uzunmüddətli” yerləşdirmək üçün daha çox insan qəbul etməyə çağırıb. HƏMAS Trampın bu təklifini qətiyyətlə rədd edib və ərəb-islam ölkələrindən, xüsusilə Misir və İordaniyadan da eyni mövqeyi nümayiş etdirmələrini istəyib. Bəyanatda Qəzzada soyqırımın davam etdiyi, fələstinlilərin köçürülmə və sürgün planlarına boyun əyməyəcəyi vurğulanıb. Tramp İordaniya kralı II Abdullahla bu barədə danışdığını və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşəcəyini bildirib. O, “Ərəb ölkələri ilə bir araya gəlib fələstinlilər üçün başqa bir yerdə evlər tikməyə üstünlük verərdim” deyə qeyd edib. Qeyd edək ki, Trampın son dövrlərdə atacağı riskli addımlar, miqrant siyasəti və enerji sahəsindəki planları dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Tramp birinci prezidentlik dönəmində də fərqli və maraqlı siyasi fiqur təsiri bağışlayırdı.
Partiya rəhbəri bildirib ki, Tramp ilk prezidentlik dövründə də çoxları üçün gözlənilməz olan bəyanatlarla, konkret addımlarla yadda qalmışdı:
"Onsuz da Trampın biznes fəaliyətinə də nəzər yetirsək, görərik ki, ABŞ prezidenti fərqli və bəzən də bəsit yanaşmaları ilə hər zaman diqqət çəkməyi bacarıb. Təbii ki, ABŞ dünyanın super gücüdür. Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq, ABŞ prezidentinin ifadələri, işlətdiyi sözlər beynəlxalq mətbuatda, dünya ictimaiyyətində böyük maraq, hətta rezonans doğurur. Dünyanın siyasi, hərbi-iqtisadi cəhətdən və təsir imkanları baxımından ən güclü dövlətinin başında duran şəxsin açıqlamalarının geniş müzakirəsi təbii qarşılanmalıdır. Yəni qeyri-ciddi yanaşılacaq bəyanatlar deyil".
Tural Abbaslı: Donald Tramp danışan nüvə silahları olan ABŞ prezidentidir
Onun sözlərinə görə, Trampın Qrenlandiya ilə bağlı söylədiyi fikirlər buna bariz nümunədir:
"ABŞ rəhbərindən başqa kimsə desəydi ki, Qrenlandiyanı öz ölkəsinə birləşdirəcək, yəqin ki, ona gülərdilər. Ancaq ABŞ prezidentinin bu məsələni gündəmə gətirməsindən sonra Danimarka, Qrenlandiya və əksər dövlətlər bunu ciddiyə alaraq bəyanatla çıxış etdilər. O baxımdan Trampın Qəzzanı, oradakı müsəlman ərəbləri Misirə köçürmək niyyəti də ciddiyə alınmalıdır".
Həmsöhbətimiz Trampın Amerika Birləşmiş Ştatlarını ÜST-dən, Paris İqlim Sazişindən çıxartdığını xatırladıb:
"İndi də Avropanı NATO-dan çıxmaqla təhdid edir. Sözünə qulaq verilməlidir, çünki danışan nüvə silahlarının düyməsi əlində olan ABŞ prezidentidir. Dünya iqtisadiyyatının nəbzi də ABŞ-də döyünür. Ancaq bir məsələ də var ki, Tramp dediyi hər şeyi reallaşdıra bilməz. Dünyada siyasi-iqtisadi və hərbi baxımdan oturuşmuş bir düzən var. Elə məsələlər var ki, Tramp belə dəyişdirə, poza bilməz. Tramp vədlərinin ən azı yarısını edə bilməyəcək. Ümid edirik ki, Tramp administrasiyası dünyada yeni müharibələrə, münaqişələrə, dağıdıcı hadisələrə səbəb olmaz".
Aydın Baxış