“Məktəblərin açıldığı, yay tətilinin başa çatdığı bir vaxtda 205 nömrəli marşruta kiçiktutumlu avtobus verməyin adı nədi?”
Bunu Bakı sakini İmran Qurbanov Bakıvaxtı.az-a şikayətində deyib.
Onun sözlərinə görə, metronun “Nəsimi” stansiyasından Lökbatan qəsəbəsinə gedən 205 nömrəli xətdə əvvəl iritutumlu avtobus olanda da sərnişin sıxlığı olub, indi isə kiçik avtobuslarda sərnişinlər lap əziyyət çəkirlər: “Özümüz işə, övladlarımız məktəbə güclə gedib gəlirik”.
Şikayətçi onu da deyib ki, axşam saat 8-dən sonra 205 nömrəli avtobusu tapmaq müşkül məsələdir: "Hər kəs saat işdən çıxıb özünü dayanacağa çatdırır, ancaq 8-dən sonra bu avtobusu tapmaq mümkün deyir. Saat 8-dən sonra 205 nömrəli avtobus ya heç gəlmir, ya da çox gec gəlir".
Paytaxt sakini haqqında danışılan marşrut xəttinin bağlanacağını da iddia edir: "Eşitdiyimə görə, qısa müddətdə 205-i bağlayacaqlar. Əgər bağlansa, bu qədər camaat neynəyəcək? O istiqamət üzrə gedən başqa avtobus da yoxdur ki, istifadə edək".
Məsələ ilə bağlı Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərib.
AYNA-nin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, 205 nömrəli avtobusun hərəkət istiqamətləri üzrə sərnişin axını olmadığı üçün marşrutun fəaliyyəti sərnişin tələbatına uyğun tənzimlənir.
Onun sözlərinə görə, başlanğıc və son dayanacaqlardan axırıncı avtobuslar saat 20:00-da hərəkətə başlayır: "Buna baxmayaraq, marşrut üzrə sərnişin tələbatına uyğun olaraq avtobusların iş saatının artırılması barədə daşıyıcıya tapşırıq verilib".
T.Orucov onu da qeyd edib ki, sərnişin tələbatına uyğun olaraq, avtobuslar ortatutumlu nəqliyyat vasitəsilə əvəzlənib.
Aytac Aslan