• Bakı 26° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

30 ilin ədalətsizliyinə son qoyan qələbə: Azərbaycanın yeni reallıqları

SİYASƏT

22 Avqust 2025 | 15:08

30 ilin ədalətsizliyinə son qoyan qələbə: Azərbaycanın yeni reallıqları

XX əsrin sonlarında Cənubi Qafqazda baş verən mürəkkəb geosiyasi proseslər, böyük dövlətlərin maraqları və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan fəaliyyəti Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasına səbəb oldu. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr reallıqda kağız üzərində qaldı, beynəlxalq hüququn aliliyi təmin edilmədi, işğalçı dövlətə qarşı heç bir ciddi tədbir görülmədi.

Əksinə, müxtəlif güclərin maraq dairəsinə uyğun olaraq münaqişənin uzadılması, qeyri-müəyyənlik şəraitində saxlanılması regionda balansı qorumaq adı ilə Azərbaycanın milli maraqlarına ciddi zərbələr vurdu. Belə bir şəraitdə xalqın taleyüklü məqamda tarixi iradəsi, dövlətçilik ənənələrinin bərpası və Ulu Öndər Heydər Əliyevin qətiyyətli liderliyi ölkəmizin gələcək yolunu müəyyənləşdirdi.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 30 ilə yaxın müddətdə icra olunmamasının əsas səbəbi ikili standartların hökm sürməsi və iri güclərin Cənubi Qafqazda münaqişənin davamlılığında maraqlı olması idi. Xüsusən sonrakı dövrdə Fransa, Rusiya və Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk qrupu formatında məsələni inhisara götürməsi və bu institutun birmənalı şəkildə münaqişənin dayanıqlılığına xidmət göstərən fəaliyyət ortaya qoyması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri faktiki olaraq adicə kağız parçasına çevirmişdi: 

"Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün xəyanətkar və talançı fəaliyyətinin nəticəsi olaraq ölkəmizin güc və imkanlardan o dövrdə məhrum olması, habelə işğal, təcavüz və separatizmin ölkəmiz üzərində təzyiq rıçağı kimi mövcudluğu, eləcə də torpaqlarımızın işğalına rəvac vermiş ünsürlərin sonrakı dövrdə ölkə daxilində beşinci kolon funksiyasını yerinə yetirməsi cəzasızlıq mühitinin uzun bir dövr ərzində davam etməsi ilə nəticələndi".

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

Onun sözlərinə görə, Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə vəziyyətin dəyişməsi, siyasi müstəqilliyin bərpa olunması, ölkəmizin inkişaf və tərəqqi yoluna qədəm qoyması, eləcə də Ümummilli Liderin siyasi kursunun layiqli varisi cənab İlham Əliyevin ölkəmizin tam siyasi, iqtisadi müstəqilliyinə nail olması, həyata keçirilən uğurlu neft və iqtisadiyyatın digər sahələrini əhatələyən strategiya, ordu quruculuğu, milli ideologiyaya bağlı gənc nəslin yetişməsi bu gedişata son qoydu: 

"Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri ilə qazandığı qələbə həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası baxımdan beynəlxalq hüququn aliliyin təmin edilməsi kimi tarixə düşdü. Regionda ən çətin relyefə malik Kəlbəcərin isə işğaldan azad edilməsi, sözün əsl mənasında, tarixi uğur hesab edilməlidir və cənab İlham Əliyevin ölkəmizin bir güllə atmadan və heç bir itki vermədən Ermənistanı Kəlbəcəri boşaltmağa məcbur etməsi tarixi ədalətin düşmən üçün rüsvayçı formada təcəllası demək idi".

Milli Məclisin üzvü onu da əlavə edib ki, bu gün artıq Azərbaycanın yaratdığı yeni reallıq dünya tərəfindən qəbul edilir və 30 illik işğal dönəmində daşı daş üstündə qalmamış Kəlbəcərin yeni inkişaf mərhələsinə qədəm qoyması, bu rayonda təhlükəsiz və ləyaqətli həyat şəraitinin bərpası cənab İlham Əliyevin qətiyyətilə zəfərlərimizin dayanıqlılığının təminatına çevrilib:

"Üstəlik bir vaxtlar işğal və təcavüzün əsas dayağına çevrilmiş ATƏT-in Minsk qrupunun hüquqi cəhətdən də tarixin arxivinə göndərilməsi və bir zamanlar Minsk qrupunun mövcudluğunda israr edən Ermənistanın da bu prosesdə Azərbaycanın mövqeyini müdafiə etməyə məcbur olması qələbəmizin geosiyasi əhəmiyyətini daha da möhkəmləndirməkdədir".

Əli Hüseynov


SON XƏBƏRLƏR