“Kim inanardı ki?..” 1 ildən 1 gün artıqdır ki, bu ritorik sualı az qala hər gün, az qala gündə bir neçə dəfə, daha çox da özümüzə veririk. Kim inanardı ki... bu dəfə atəşkəs pozulanda döyüş başlayacaq, amma dayanmayacaq... sabahı gün də davam edəcək, birisi gün də... və beləcə 44 gün Azərbaycan əsgəri durmadan, nəfəs dərmədən irəliləyəcək... arxasında şəhid və yaralı yoldaşlarını və bir də onların qanı-təri hesabına işğaldan azad olunmuş vətən torpaqlarını buraxaraq qabağa, yalnız qabağa gedəcək, yüksəklərə, yalnız yüksəklərə qalxacaq və... Qalanı – Şuşanı alıb ora zəfər bayrağı sancacaq?!. Kim inanardı ki... Qələbədən heç bir il də keçməyəcək, Şuşaya yol çəkiləcək... Fizulidə aeroport tikiləcək... Zəngilanda ağıllı kənd salınacaq... Kəlbəcərdə tunel qazılacaq... Gorus-Qafan yolunda sərhəd, gömrük, polis postumuz qurulacaq?..
Kim inanardı?!.
Həqiqətən də, kim inanırdı?!.
Çox adam inanırdımı bu ölkədə elə bir nəslin varlığına ki, bir sovet hərbi marşında deyildiyi kimi, “nağılı gerçəyə çevirmək üçün doğulub”? – O, 1990-2000-ci illərin qovşağında dünyaya göz açan, I Qarabağ savaşındakı acı məğlubiyyətə görə qəzəb və intiqam hissini atasının belindən gələndə, anasının bətnində bəslənəndə irs alan nəsildir.
Qarabağı, Zəngəzuru görməyən, amma görmədən sevən və sevərək də erməni işğalından azad edən nəsil!
Erməni yaşıdlarından həm mənəvi, həm fiziki, həm ruhi, həm əqli baxımdan, zəka və iradəcə üstün olan nəsil!
Azərbaycan xalqına onun tarixindəki ən böyük fərəhi müharibədən qabaq barəsində bədgüman-bədgüman danışdığımız bu uşaqlar yaşatdı.
Bəlkə də, müqəddəs 44 günün ən böyük dərsi budur: Azərbaycan xalqı, özünə inan, özünə güvən, sənin uğrunda – yaşayışındakı bütün naqisliklərə rəğmən! – canından keçməyə hazır övladların varsa və hələ də dünyaya gəlirsə, bu sənin mövcudluğuna ən böyük bəraətdir. Deməli, sənin varlığın, var olmağın qayət təbiidir və la-zım-dır! Deməli, özünə hər barədə daha ləyaqətli həyat qurmağa haqqın da, imkanın da var. İqbalın, gələcəyin var və onun nə rəngdə, nə çalarda, nə parlaqlıqda olmağı öz əlindədir. Bu yolda ən qiymətli ehtiyatın, ən etibarlı sərmayən – insanındır. İnsanını sev, ona hörmət qoy, onun qədrini bil, onu qoru!
Azərbaycan xalqı, çox adamlar daha sənin vahid olmadığını, ən azı Azadlıq savaşına qalxdığın 88-ci ildəki qədər vahid olmadığını, az qala regional, etnik, sosial, siyasi hücrələrə bölündüyünü düşünür və kimi bundan məyus olur, kimi bunu adi qəbul edir, kimi buna sevinirdi. Amma gördünmü, elə deyilmiş?! Gördünmü, gördülərmi, necə həmrəy ola bilirmiş sənin dili müxtəlif, bölgəsi başqa, imkanı fərqli, düşüncəsi ayrı olan övladların? Necə bir səngəri bölüşə, çiyin-çiyinə, dirsək-dirsəyə döyüşə bilirmiş?
Bundan o yana birlik varmı!?
Bir yerdə ölə bilənlər bir yerdə yaşaya, yarada, irəliləyə, yüksələ bilməzlərmi!?
Özləri tələbə yaşda olan həyat müəllimlərimizin – qalib Azərbaycan döyüşçülərinin 44 günlük dərsi bu suala müsbət cavab verir.
Bu dərsi unutmayaq!
Bax onda indi inanmadığımız çox nağıllar gerçək olar.
Seymur Şahbaz-zadə
Bakıvaxtı.az
















