• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-də respublikaçılar qalib gəlsə Zelenski hakimiyyəti üçün çətin olacaq

SİYASƏT

16 Avqust 2024 | 17:31 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-də respublikaçılar qalib gəlsə Zelenski hakimiyyəti üçün çətin olacaq

“Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgindir və getdikcə artır”.

Bunu Bakıvaxtı.az-a analitik Həsrət Rüstəmov deyib.

Onun sözlərinə görə, Rusiyanın təcavüzü yeni başlayanda dünyada bu müharibənin bu qədər uzun çəkəcəyini çox adam düşünmürdü:

"Təəssüf ki, demokratik ölkələrin Ukraynanı müdafiə etmək üçün atdığı addımlar kifayət qədər təsirli olmadı və yalnız Rusiyanın hücumlarını müəyyən qədər dəf etməyə, çox irəliləməsinə mane olmağa yönəldi. Qərb liderlərinin bu mənada Ukrayna xalqının düşdüyü durumda ciddi məsuliyyət payı var. Onların, xüsusilə də ABŞ siyasi liderlərinin Ukraynanın müdafiəsinə ciddi yardımlar etməsi, Rusiyanın bu müharibədə əldən salınmasına yönəlik siyasəti səhv idi. Vaxtında və ən lazımlı ölçüdə Ukrayna xalqı dəstəklənməli idi”.

Zelenskinin əvəz edilməsi ilə bağlı xəbərlərə gəlincə, müsahibimiz qeyd edib ki, bu, heç də yenilik deyil. Dediyinə görə, Arsen Avakovdan əvvəl Poroşenko, Kliçko və digərləri haqda da oxşar məlumatlar yayılmışdı:

“Amma bildiyiniz kimi sonralar bu məlumatların uydurma olduğu bəlli oldu".

Həsrət Rüstəmov, analitik

Analitik vurğulayıb ki, Ukrayna ordusunun son uğurlu əməliyyatları fonunda Rusiyaya yaxın mənbələrin belə məlumat yayması da təsadüfi hesab edilməməlidir:

"Görünür, Rusiya qarşı tərəfdə ruh düşkünlüyü yaratmağa, aldığı hərbi zərbələrin əvəzini siyasət meydanında çıxmağa çalışır. Həmçinin, o da maraqlıdır ki, Avakovun Zelenskidən fərqli bir Rusiya siyasəti sərgiləyəcəyi də ağılabatan deyil. Hətta Rusiya onu bir vaxt terrorist elan etmişdi. Doğrudur, ABŞ-də prezident seçkilərində respublikaçılar qalib gəlsə Zelenski hakimiyyəti üçün çətin olacaq. Amma ruslar unutmamalıdırlar ki, Ukraynada kim hakimiyyətə gəlsə onların etdiklərini xalqa unutdura bilməyəcək. Bu düşmənçilik uzun müddət davam edəcək".

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumat müzakirələrə yol açıb. Rus kəşfiyyatı iddia edib ki, ABŞ Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu Prezident Volodimir Zelenskinin yerinə hazırlayır.

Qeyd olunub ki, ABŞ administrasiyası QHT-lərə Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun hakimiyyətə gəlməsi üçün ssenari hazırlamağı tapşırıb. Deyilənə görə, bu məsələ Ukraynanın aparıcı müxalifət partiyaları olan Timoşenkonun "Vətən" və Avropa Həmrəyliyi partiyalarının liderləri, həmçinin hakim Xalqın qulluqçusu partiyasından olan Ali Radanın bir sıra nüfuzlu deputatları ilə müzakirə olunur.

Məlumata əsasən, bu, Qərbə Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək.

Avakov özü sözügedən iddialara münasibət bildirib. O, Rusiya tərəfinin Kurskdakı uğursuzluq fonunda belə məlumat yayaraq diqqəti yayındırmağa çalışdığını deyib:

“Cəsur rus kəşfiyyatının Ukraynanın Kursk vilayətindəki əməliyyatlarından qaçarkən nə etdiyi indi məlum oldu. Moskva “informasiya bombası” hazırlayır. Onlar Ukrayna cəmiyyətində bu məsələ ilə səs-küy yarada bilmədilər. Bizim qoşunlarımız isə artıq Kurskdadır. Biz cəbhədəki əsgərlərimizlə əlaqədəyik. Müzakirələr aparırıq. Rusiya isə axmaq hiylələrlə ortalığı qızışdırır”.

Məlumat üçün deyək ki, Arsen Avakov 1964-cü ildə Bakı şəhərində doğulub və 1966-cı ildə ailəsi ilə birgə daimi olaraq Ukraynaya köçüb. 2014-2021-ci illərdə Ukraynanın daxili işlər naziri vəzifəsində işləyib. Avakov 44 günlük Vətən müharibəsində separatçılar və Ermənistana dəstəyi ilə diqqət çəkmişdi.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026