• Bakı C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

ABŞ-İran gərginliyi: Əsas söz sahibi Vaşinqton deyil

SİYASƏT

23 Fevral 2026 | 12:07

ABŞ-İran gərginliyi: Əsas söz sahibi Vaşinqton deyil

“İran məsələsi ilə bağlı iki əsas faktor var”.

Bunu politoloq Turab Rzayev ABŞ və İran arasında danışıqların yenidən intensivləşməsinə münasibət bildirərkən Bakıvaxtı.az-a deyib.  

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu prosesə üçüncü faktor kimi daxil olub:

“Əsas amillərdən biri İsraildir. İsrail Yaxın Şərqdə güclü hesab etdiyi, yəni özünə təhdid kimi gördüyü dövlətlərin varlığını istəmir. İsrail istəmir ki, bölgədə hansısa mərkəz onun güc balansını dəyişə, hegemoniyasını laxlada bilsin”.

Müsahibimiz deyib ki. ikinci faktor isə İranın özüdür. Əslində nüvə müzakirələrini aparan, bu prosesdə təzyiq edən tərəf ABŞ deyil, İranın özüdür. Tehran uranın zənginləşdirilməsi və nüvə silahının istehsalı ilə bağlı ABŞ-ni təhdid edir:

“İran tərəfi Qərbdən tələb edir ki, onun maliyyə, sanksiya və digər problemləri həll edilmədiyi müddətcə, nüvə silahını yaratmağa davam edəcək. Daha doğrusu, uranı zənginləşdirməyə davam edəcəyini deyir. İran öz iqtisadiyyatını dirçəltmək üçün maliyyə yardımı almaq niyyətindədir. ABŞ isə proses kritik həddə çatmasın deyə İranı hədələyir, onu niyyətindən daşındırmağa çalışır. ABŞ İranın “qırmızı xətti” keçəcəyi təqdirdə müdaxilə edəcəyi ilə hədələyir. Əslndə isə dediyim kimi ABŞ-nin İranla problemi yoxdur. Bu problemi İran tərəfi özü yaradıb. Səbəbi də İranda iqtisadi böhranın dərinləşməsi, vəziyyətin getdikcə kritik həddə çatmasıdır”.

Analitik qeyd edib ki, Tramp digər prezidentlərdən fərqli olaraq İranla gərginlik prosesinə, klassik ABŞ-İran-İsrail üçbucağına iki məqam gətirib:

“Trampın sağçı yəhudi lobbisi ilə müəyyən münasibətləri var. Məhz həmin lobbi Trampdan israrla tələb edir ki, İran məsələsində dəstəyini ortaya qoysun. Ən azından ABŞ-ni İsraili açıq müdafiə etməyə məcbur etməyə çalışa bilərlər”.

Turab Rzayev: Tramp İranla gərginlik prosesinə, klassik ABŞ-İran-İsrail üçbucağına iki məqam gətirib

T.Rzayevin fikrinncə, digər məsələ odur ki, Tramp hazırda ABŞ-nin hegemoniyasını daha açıq, çılpaq şəkildə bərpa etməklə məşğuldur. Buna görə də Tramp dünyada maliyyə yükünü mümkün qədər əlində saxlamağa, hərbi sənaye kompleksini ən yüksək həddə çatdırmağa, bütün strateji yataqlara, enerji və mineral yataqlara tam nəzarət etməyə çalışır.Tramp bunu əvvəlki hökumətlərlə müqayisədə daha açıq formada davam etdirir.

“ABŞ-nin məqsədi enerji resurslarını ələ keçirməklə Çini və Rusiyanı tam nəzarət altına almaqdır. ABŞ bunun üçün Venesueladan başladı. ABŞ İrandan Çinə gedən ucuz nefti kəsmək istəyir və onu Hindistana yönləndirməklə Rusiyanın Hindistana neft satışının önünü almağa çalışır”,- deyə Turab Rzayev qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar yenidən intensivləşib və tərəflərin mövqelərində nisbi yumşalma müşahidə olunur. Bu proses Yaxın Şərqdə güc balansına təsir potensialına görə diqqət mərkəzindədir.

Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi deyib ki, ABŞ və İran nümayəndələri arasında növbəti danışıqlar cümə axşamı günü Cenevrədə keçiriləcək. İranın xarici işlər naziri Abbas Arakçı ilə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əs-Sani arasında telefon danışığı baş tutub. Görüş zamanı tərəflər İran ilə ABŞ arasında aparılan danışıqların son vəziyyətini müzakirə ediblər. Həmçinin telefon danışığında regional və beynəlxalq proseslər barədə də fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, fevralın 17-də İran və ABŞ arasında məsləhətləşmələrin növbəti raundu keçirilib. “Axios” ABŞ rəsmisinə istinadən yazıb ki, ABŞ növbəti 48 saat ərzində İranın nüvə sazişi ilə bağlı ətraflı təklif alarsa, fevralın 27-də Cenevrədə İranla daha bir danışıqlar raundunu keçirməyə hazırdır. Bildirilir ki, bu, ABŞ-İsrail hərbi əməliyyatları başlamazdan əvvəl İrana verilən son şansdır və Tramp administrasiyası İranın təklifini gözləyir. Məlumata görə, Tramp administrasiyası və İran tam nüvə sazişi razılaşdırılmadan əvvəl müvəqqəti razılaşma ehtimalını da müzakirə edə bilərlər.\

ABŞ senatoru Lindsi Qrehem deyib ki, Donald Trampın bəzi müşavirləri İrana qarşı zərbə endirməmək barədə məsləhət verirlər, lakin hərəkətsiz qalmağın təhlükələri var: “Münaqişəyə cəlb olunmamağı tövsiyə edən səslər, görünür, şərin nəzarətsiz qalmasının nəticələrini nəzərə almırlar. Yaxın Şərqə səfərimdən sonra tarixi dəyişikliklərə nail olmaq üçün bir fürsət gördüm”.

Aydın Baxış


SON XƏBƏRLƏR

22 Fevral 2026