ABŞ Prezidenti Donald Tramp İranı yenidən hədələyib. O bildirib ki, Tehran Vaşinqtonla razılığa gəlməsə, raket proqramını davam etdirərsə, ABŞ İranı vurmağa tam hazırdır. Trampın bu bəyanatı regionda gərginliyin artacağı və iki ölkə arasında növbəti qarşıdurmanın yarana biləcəyi ehtimalını gücləndirib.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Amerika Birləşmiş Ştatlarının İranla münasibətləri ilk İsrail-İran müharibəsindən sonra yarımçıq qaldı və bəzi məqamları tam müəyyən edə bilmədilər. Orada qalan fundamental problemlər İranın uranı saflaşdırması və nüvə tədqiqatlarını davam etdirməsidir. Eyni zamanda İranın bir sıra ballistik raketlərə sahib olması və kommunikasiya zonalarına ciddi təhdid yaratmasını da bu sıraya qeyd edə bilərik:
"Yaxın Şərq bölgəsində ABŞ-nin müttəfiqləri var. “İran onlara təhdiddir” arqumenti həmişə işləyir, xüsusən də İsrail-İran toqquşmasından sonra. İkinci məsələ, Bəsrə körfəzi boyunca keçən gəmilərə, o cümlədən Yəmən istiqamətində Qırmızı dənizdən keçən logistika yollarına İran mənşəli qrupların ciddi təsir göstərməsidir".
Politoloqun fikrincə, uzun müddətdir ki, bu beş istiqamət üzrə tərəflər arasında toqquşmalar davam edir. Lakin 2023-cü ilin oktyabr ayında başlayan İsrail-Fələstin müharibəsi ilk dəfə olaraq İranın proksi güclərinə qarşı əməliyyatlara səbəb oldu. Dəqiq diqqət etsək, bu, Rusiya-Ukrayna müharibəsinin də bir ilinin tamamına təsadüf edir:
"Artıq məlum oldu ki, dünyada Rusiya, Çin və İranın üçlü müttəfiqliyi var. Dördüncü dövlət də Şimali Koreyadır. Latın Amerikasında da bu xəttə yaxın dövlətlər mövcuddur.
Ona görə qərara gəldilər ki, bəlkə ilk növbədə Yaxın Şərq zonasındakı İranın bütün proksi güclərini məhv etsinlər, elə də etdilər: HƏMAS-a da, "Hizbullah"a da, İraqda Həşd əş-Şabiyə, Yəməndə husilərə qarşı, Əsədin devrilməsi planları və s. - bunların hamısı vahid siyasi xətti təşkil edir. Sonuncu İsrail-İran müharibəsi isə İranın özünə qarşı ilkin “məşq” idi".
.jpg)
Əziz Əlibəyli: Necə olur-olsun, İran hakimiyyəti dəyişdirilməlidir
Müsahibimiz qeyd edir ki, orada da ABŞ-nin Sakit Okeandakı hərbi bazalarından qaldırılan təyyarələr İranın üç əsas nüvə tədqiqat mərkəzini bombalayıb geri qayıtdı. Bundan sonra isə İrana vaxt verildi ki, 2015-ci il razılaşmasına qayıtsın, MAQATE mütəxəssislərini ölkəyə buraxsın, nüvə tədqiqatlarını dayandırsın, uranı saflaşdırmaqdan imtina etsin və gördüyü işlərlə bağlı beynəlxalq müşahidəçilərə hesabat versin. Amma İran buna razı olmadı. Çünki Çin və Rusiya var, onlar İranın bu formada məğlubiyyətindən razı deyillər. Buna görə də prosesin uzadılması qərara alındı:
"İndi ABŞ sanksiyalar tətbiq etdi, ardınca Avropa İttifaqı ölkələri - 2015-ci il sazişinin tərəfləri olan Almaniya, Fransa, Britaniya - onlar da sanksiyalar tətbiq etdilər. Gəlinən son nöqtədə əsas məqsəd budur ki, İranda hakimiyyət dəyişdirilsin.
Necə olur-olsun, İran hakimiyyəti dəyişdirilməlidir. İlkin ssenari kimi şahın geri dönməsi, yəni şah administrasiyasının bərpası nəzərdən keçirilir. Bu, Rza Şahın oğlu Rza Pəhləvinin geri dönməsi istiqamətindən gəlir. Hələlik plan da budur".
Ə.Əlibəyli Pəhləvilərin İsrailə bağlı bir hakimiyyət olduğunu bildirib. Hazırkı molla rejiminin Rusiya və Çin yönlü siyasəti isə Yaxın Şərq bölgəsində ABŞ və İsrail maraqlarına cavab vermir. Ona görə də son zamanlar baş verən proseslər və verilən bəyanatlar bunu göstərir ki, bir neçə mərhələli əməliyyatlar həyata keçiriləcək:
"Bu, əvvəlkilərlə müqayisədə daha aktualdır. İranın vurulması və İranda hakimiyyət dəyişikliyi ilə bağlı Qərbin, xüsusən Amerikanın konkret iradəsi var. Biz bunun çox yaxın zamanlarda şahidi olacağıq".
Zeynəb Rzayeva
Bakı 



