ABŞ prezidenti Donald Trampın Venesuela müxalifət lideri Maria Korina Maçado ilə görüşəcəyini açıqlaması Vaşinqtonun Karakasla bağlı siyasətində yeni mərhələnin anonsu kimi qiymətləndirilir. Bu təmas ABŞ-nin Venesueladakı siyasi proseslərə yanaşmasının, müxalifətin rolunun və regionda formalaşan güc balansının hansı istiqamətdə dəyişə biləcəyi ilə bağlı sualları aktuallaşdırır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, ABŞ prezidenti Donald Tramp faktiki olaraq Venesuelada uzun illər hakimiyyətdə olan Nikolas Maduronu siyasi səhnədən kənarlaşdırıb. Hazırkı mərhələdə isə Madurudan sonra vitse-prezident vəzifəsini icra edən Delsi Rodriges müvəqqəti olaraq ölkə rəhbərliyində əsas fiqur kimi çıxış edir:
"Mənim fikrimcə, əgər ABŞ Venesuelada tammiqyaslı hakimiyyət dəyişikliyi etmək və müxalifət lideri, ötən il Nobel Sülh mükafatına layiq görülmüş Maria Maçadonu hakimiyyətə gətirmək niyyətində olsaydı, bu proses artıq ardıcıl şəkildə davam etdirilərdi. Lakin müşahidələr göstərir ki, Vaşinqton Venesuelada klassik “inqilabi ssenari”ni işə salmaq niyyətində deyil.
ABŞ daha əvvəl "Ərəb baharı" çərçivəsində Liviya, Misir, Yəməndə tətbiq etdiyi modeldən fərqli olaraq, Venesuelada yalnız hakimiyyətin birinci şəxsi üzərində fokuslanan yanaşma sərgiləyir. Suriyada proses bir qədər fərqli cərəyan etsə də, ümumilikdə məqsəd ölkədə genişmiqyaslı inqilabi dalğa yaratmaq yox, əsas fiqurun dəyişdirilməsi olub".

Xəyal Bəşirov: Rodrigesi Maduronu gözləyəndən daha ağır sanksiyalar gözləyə bilər
Politoloq bildirir ki, Venesuela məsələsində də oxşar yanaşma görünür. ABŞ yalnız Maduronu deyil, hətta onun uzun illər vitse-prezidenti olmuş Delsi Rodrigesin də Vaşinqtonun istəklərinə uyğun siyasət yürütməsi şərti ilə hakimiyyətdə qalmasına razılıq verə biləcəyini açıq şəkildə nümayiş etdirir. Donald Trampın Rodrigeslə bağlı sərt mesajları da bunu təsdiqləyir. O, açıq şəkildə bildirib ki, əgər Rodriges ABŞ-nin gözləntilərinə uyğun davranmasa, onu Maduronu gözləyəndən daha ağır sanksiyalar gözləyə bilər:
"Bu isə o deməkdir ki, Vaşinqton yeni xaosun və kütləvi etiraz dalğasının yaranmasında maraqlı deyil. Əksinə, idarə olunan və nəzarət altında saxlanılan siyasi keçid modelinə üstünlük verilir".
Onun sözlərinə görə, bu kontekstdə Maria Maçado ilə mümkün görüş xüsusi mesaj xarakteri daşıyır. Bu, bir tərəfdən Delsi Rodrigesə xəbərdarlıqdır ki, ABŞ-nin tələblərinə uyğun addımlar atılmadığı halda, müxalifətin hakimiyyətə gətirilməsi gündəmə gələ bilər. Digər tərəfdən isə bu, Vaşinqtonun Rodrigesin hakimiyyətdə qalmasını ümumiyyətlə istəmədiyi və alternativ ssenari üzərində işlədiyi ehtimalını da gücləndirir:
"Nəticə etibarilə, Maria Maçado ilə görüş ehtimalı ya Rodrigesə yönəlmiş siyasi təzyiq alətidir, ya da Venesuelada daha dərin siyasi dəyişikliklərin anonsudur. Hansı variantın seçiləcəyini isə zaman göstərəcək".
Zeynəb Rzayeva
Bakı 




