“Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən Xəzər dənizi, Qara dəniz və Avropanı birləşdirən yaşıl enerji layihəsi meqalayihədir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Gürcüstan arasında logistika və nəqliyyat sahəsində əməkdaşlıq uzun illərdir davam edir. Onun sözlərinə görə, bu dəhliz təkcə iki ölkə üçün deyil, həm də qonşu və region dövlətləri üçün etibarlı nəqliyyat marşrutudur.
Ceyhun Bayramov vurğulayıb ki, dünyada baş verən proseslər və geosiyasi dəyişikliklər son illərdə Orta Dəhlizə marağı daha da artırıb.
O qeyd edib ki, Şərq-Qərb Orta Dəhlizinin potensialının artırılması istiqamətində hər iki ölkənin fəal iştirakı ilə mühüm addımlar atılır və bu marşrut üzrə daşınan yüklərin həcmində artım müşahidə olunur.
Nazir, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində potensialın artırılması istiqamətində görülən işlərə diqqət çəkib.
Zeynəb Rzayeva
















