Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində mənzildən oğurluq edən şəxs hadisə yerində qoyduğu DNT izi sayəsində saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, əvvəllər məhkum olunmuş 46 yaşlı kişi binanın birinci mərtəbəsində yerləşən mənzildə heç kimin olmadığını müəyyən etdikdən sonra plastik pəncərəni vintaçanla açaraq içəri daxil olub.
O, mənzildən fotoaparat, saat və içərisində bank kartları olan çantanı oğurlayıb. Lakin ehtimal olunur ki, oğurluq zamanı kişi xəsarət alıb və pəncərənin kənarında qan izi qalıb. Polis əməkdaşları həmin izdən şübhəlinin DNT profilini müəyyən edərək məlumat bazasındakı nümunələrlə müqayisə ediblər. Nəticədə kişi Puşkino şəhərində yaşadığı evdə saxlanılıb.
Onun evindən 3 fotoaparat, saat, zinət əşyaları, noutbuk, 6 mobil telefon və 3 vintaçan götürülüb.
Hazırda saxlanılan şəxsin digər analoji oğurluq hadisələrində iştirakının olub-olmadığı araşdırılır.
















