“Kəlbəcər Cənubi Qafqazın əsas iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında çxıışı zamanı deyib.
O bildirib ki, Kəlbəcərin 27 illik işğaldan sonra 2020-ci ildə bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılan tarixi qələbənin diplomatik və siyasi müstəvidə davamı olub.
Deputatın sözlərinə görə, işğal dövründə rayonun infrastrukturu dağıdılıb, təbii ehtiyatları qeyri-qanuni istismar edilib. İlkin qiymətləndirmələrə əsasən, Kəlbəcərə azı 10 milyard dollar ziyan vurulub.
V.Bayramov qeyd edib ki, hazırda rayon Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq bərpa, yenidənqurma və inkişaf mərhələsini yaşayır. Kəlbəcər aqrar və turizm sahələri ilə yanaşı, böyük sənaye potensialına da malikdir.
Deputat diqqətə çatdırıb ki, 2020-ci ildə Kəlbəcərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 49 milyon manat olduğu halda, hazırda bu göstərici 1,5 milyard manata çatıb. Beləliklə, rayon iqtisadiyyatı beş ildə 30 dəfədən çox böyüyüb.
O əlavə edib ki, sənaye məhsullarının istehsalı 224 min manatdan 150 milyon manata yüksəlib. Eyni zamanda, bərpa və yenidənqurma işləri nəticəsində tikinti sektorunda son beş ildə 165 dəfə artım qeydə alınıb.
V.Bayramov vurğulayıb ki, bu göstəricilər Kəlbəcərin iqtisadi potensialının bərpasını və rayonun Cənubi Qafqazın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi istiqamətində görülən işləri əks etdirir.
Zeynəb Rzayeva
















