“Bu gün sosial media platformalarında baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması və manipulyasiya cəhdləridir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, müasir dövrdə elmi nailiyyətlərə və texnoloji tərəqqiyə baxmayaraq, dünyada mənəvi tənəzzül müşahidə olunur, müharibə və münaqişələrin sayı artır.
Deputatın sözlərinə görə, müharibələr artıq yalnız sərhədlərdə və səngərlərdə deyil, insanların beyin və düşüncələrində də aparılır. Bu baxımdan sosial media platformaları təhlükəli təsir vasitələrindən birinə çevrilib.
C.Məmmədov qeyd edib ki, sosial şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilir, insanların düşüncələrinə mənfi təsir göstərir. O, bu sahənin çevik tənzimlənməsinin və daha ciddi addımların atılmasının vacibliyini vurğulayıb.
Deputat əlavə edib ki, mövcud təhlükələr ölkədə ideoloji işin gücləndirilməsini zəruri edir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyev də ideoloji işin əhəmiyyətinə xüsusi diqqət çəkib.
C.Məmmədov bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq son vaxtlar bu istiqamətdə mühüm işlər görülür. Yeni tarixi filmlərin çəkilməsi, tamaşaların hazırlanması və əsərlərin yazılması da bu tədbirlər sırasındadır.
O vurğulayıb ki, ideoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək və ictimai şüuru düzgün istiqamətləndirmək mümkün deyil. Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətinin ictimai şüurda möhkəmləndirilməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilməlidir.
Zeynəb Rzayeva
















