“Abşeron" yatağının tammiqyaslı işlənməsi Azərbaycanın enerji potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən iclasında gündəliyin birinci məsələsi – “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə dəyişikliklərin edilməsi ilə bağlı çıxışında deyib.
O bildirib ki, Abşeron yatağı üzrə ilkin hasilatın pay bölgüsü sazişi 2009-cu ildə imzalanıb və bu sənəd əsasında yataqda kəşfiyyat işləri aparılıb. Kəşfiyyatın uğurla nəticələnməsindən sonra 2017-ci ildə yatağın işlənməsi və hasilatı proqramı qəbul edilib. İlkin hasilat sxemi üzrə yataqdan qaz hasilatına 3 iyul 2023-cü ildə başlanılıb. Hazırda həmin quyudan illik 1,5 milyard kubmetr qaz hasil olunur.
S.Qurbanovun sözlərinə görə, layihədə SOCAR, Fransanın "TotalEnergies" və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətləri podratçı tərəflər kimi iştirak edirlər.
Komitə sədri diqqətə çatdırıb ki, "Abşeron" yatağının resurslarından maksimum istifadəni və qaz hasilatının artırılmasını təmin etmək məqsədilə tammiqyaslı işlənmə layihəsi üzrə yekun investisiya qərarı 25 sentyabr 2026-cı ildə qəbul edilib. Bu çərçivədə sentyabrın 26-da SOCAR və podratçı tərəflər arasında sazişin dəyişdirilmiş redaksiyası imzalanıb.
O qeyd edib ki, dəyişikliklərin əsas mahiyyəti yatağın işlənməsi və hasilatı müddətinin 30 ildən 45 ilədək uzadılmasıdır. Layihəyə yeni quyuların, o cümlədən dördüncü quyunun daxil edilməsi nəzərdə tutulur. Həmin quyudan 6 milyard kubmetr qaz hasil ediləcəyi, ilkin qaz hasilatına isə 2029-cu ildə başlanılacağı gözlənilir.
Deputat vurğulayıb ki, yeni yataqdan əldə olunacaq qaz həm daxili tələbatın ödənilməsinə, həm də Azərbaycanın qaz ixracı həcmlərinin qorunmasına və artırılmasına töhfə verəcək. Layihə ölkənin enerji potensialının yeni investisiyalar və müasir texnologiyalar hesabına genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
S.Qurbanov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti nəticəsində beynəlxalq bazarda etibarlı enerji təchizatçısı mövqeyini möhkəmləndirdiyini, xüsusilə Avropanın enerji təhlükəsizliyində rolunu artırdığını bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib, bunun 25,2 milyard kubmetri satılıb. Avropa ölkələrinə ixrac edilən qazın həcmi isə 12,8 milyard kubmetr təşkil edib.
Komitə sədri xatırladıb ki, Prezident İlham Əliyev noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Azərbaycanın Avropaya qaz təchizatını 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdıracağını bildirib. Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı ilə təmin edilir.
S.Qurbanov hesab edir ki, bütün bu amillər Abşeron yatağı üzrə sazişə edilən dəyişikliklərin əhəmiyyətini bir daha nümayiş etdirir.
Zeynəb Rzayeva
















