• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bir alqoritm dünyanı nüvə müharibəsinə sürükləyə bilər – XƏBƏRDARLIQ 

DÜNYA

24 Noyabr 2026 | 11:45 | Müəllif: Gülşən Şərif

Bir alqoritm dünyanı nüvə müharibəsinə sürükləyə bilər – XƏBƏRDARLIQ

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin Şençjendə keçirilən APEC sammiti çərçivəsində  hərbi əməliyyatlarda süni intellektdən istifadəni məhdudlaşdırmaq barədə razılığa gəliblər. Liderlər bildiriblər ki, süni intellekt sistemlərinin irimiqyaslı hərbi əməliyyatlara müstəqil şəkildə başlamaq səlahiyyətinə malik olmamalı və istənilən hərbi qərarın qəbulunda insanın iştirakı mütləq olmalıdır.

Bu razılaşma iki ölkə arasında ticarət və texnologiya gərginliyini azaltmaq cəhdi sayıla bilərmi? Eyni zamanda razılaşma Rusiya, Avropa İttifaqı, Hindistan kimi digər güclər üçün nəyi ifadə edir? 

Hərbi ekspert Səxavət Məmməd Bakıvaxtı.az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin razılığı həm siyasi, həm də hərbi-texnoloji baxımdan diqqətçəkən addımdır: 

"Hələlik hüquqi cəhətdən məcburi müqavilədən daha çox siyasi prinsip və niyyət bəyanatı xarakteri daşıyan bu razılaşmanı iki ölkə arasında ticarət və texnologiya müharibəsinin tamamilə bitməsi kimi qiymətləndirmək doğru olmazdı. Çünki Vaşinqton yarımkeçiricilərə ixrac nəzarətini və texnoloji liderliyi qorumaq xəttini davam etdirir, tərəflər arasındakı strateji rəqabət isə öz qüvvəsində qalır. Buna görə də Şençjen razılaşması qlobal rəqabəti donduran genişmiqyaslı barışıqdan daha çox, gərginliyi idarəolunan çərçivədə saxlamaq, tərəflər arasında "qoruyucu sədlər" yaratmaq və alqoritmik səhv ucbatından baş verə biləcək nəzarətsiz hərbi eskalasiyadan yayınmaq cəhdidir".

S. Məmməd hesab edir ki, iki aparıcı süni intellekt və hərbi gücün belə bir prinsipdə uzlaşması digər qlobal aktorlar üçün də fərqli strateji nəticələr doğurur. Döyüş meydanında pilotsuz sistemləri və avtomatlaşdırılmış idarəetməni fəal tətbiq edən Rusiya üçün bu razılaşma diqqətlə izlənilən prosesdir. 

"Digər tərəfdən, Moskvanın öz hərbi doktrinasında asimmetrik və daha az tənzimlənən texnoloji həllərdən istifadə etməklə fərq yaratmağa çalışması, eyni zamanda strateji sabitlik danışıqlarında bu presedentdən yararlanması ehtimalı da gündəmdədir. Uzun müddətdir etik standartlar və "insan nəzarəti" prinsipini müdafiə edən Avropa İttifaqı baxımından isə ABŞ və Çinin ortaq mövqeyə yaxınlaşması Brüsselin normativ yanaşmasını qismən təsdiqləyir. Lakin Aİ qlobal təhlükəsizlik qaydalarının ikitərəfli razılaşmalarla deyil, BMT kimi çoxtərəfli platformalar və beynəlxalq hüquq vasitəsilə müəyyənləşdirilməsində maraqlıdır. 

Strateji muxtariyyət siyasəti yürüdən Hindistan üçün isə bu addım ikili məna daşıyır. Sərhəd təhlükəsizliyi baxımından tam avtonom və sürətli eskalasiya yaradan sistemlərin məhdudlaşdırılması Yeni Dehlinin maraqlarına uyğun gəlsə də, Hindistan müdafiə sənayesində geri qalmamaq üçün həm ABŞ, həm də Avropa tərəfdaşları ilə texnoloji əməkdaşlığı genişləndirməyə davam edəcək. Belə ki, Çin artıq Çin-Hindistan sərhədindəki yüksək dağlıq ərazilərdə (Himalay bölgəsində) humanoid (insanabənzər) robotların yerləşdirilməsinə və sınaqdan keçirilməsinə başlayıb", - deyə müsahibimiz əlavə edib. 

Səxavət Məmməd: "Süni intellektin qərarvermə sahəsində olmasına qarşıyam"

Hərbi əməliyyatlarda süni intellektin istifadəsinə toxunan ekspertin fikrincə, süni intellektin istifadə olunmaması praktiki və hərbi-texnoloji baxımdan real görünmür. Müasir döyüş şəraitində peyk, radar, dron və kiber sensorlardan gələn nəhəng məlumat selini insanın təkbaşına, real vaxt rejimində emal etməsi fiziki cəhətdən qeyri-mümkündür:

"Kəşfiyyat, hədəf aşkarlama, logistika və kiber müdafiə sahələrində süni intellekt artıq əvəzolunmaz qüvvəyə çevrilib. Üstəlik, dövlətlər arasındakı "təhlükəsizlik dilemması" heç bir tərəfə bu texnologiyadan tam imtina etmək imkanı vermir və ordular tam imtinadansa, son qərarın insanda qaldığı modellərə üstünlük verirlər. Razılaşmada məhz "irimiqyaslı hərbi əməliyyatlara müstəqil başlamaq" ifadəsinin seçilməsi də təsadüfi deyil. Çünki taktiki səviyyədə hava hücumundan müdafiənin ani reaksiyalarında və ya dron əməliyyatlarında süni intellektin rolunun harada bitib, irimiqyaslı əməliyyatın harada başladığını dəqiq sərhədləndirmək və yoxlamaq ən çətin məsələdir". 

Səxavət Məmməd vurğulayıb ki, Şençjen razılaşması hərbi sahədə süni intellektin sonu deyil, onun nəzarətsiz avtonomluğuna qarşı çəkilən ilk böyük siyasi sərhəddir. Bu prinsipin real hərbi protokollara çevrilib-çevrilməyəcəyi qarşıdakı dövrdə tərəflərin yaradacağı nəzarət mexanizmlərindən asılı olacaq.

"Süni intellektin qərarvermə sahəsində olmasına qarşıyam. 1962-ci il Karib böhranı zamanı baş vermiş məşhur hadisə hərbi qərarlarda insan amilinin niyə əvəzolunmaz olduğunu göstərən ən bariz tarixi nümunədir. Həmin vaxt Moskva ilə əlaqəsi kəsilən və ətrafında ABŞ gəmilərinin xəbərdarlıq bombaları partlayan "Sovet B-59" sualtı qayığında kapitan nüvə müharibəsinin başladığını düşünərək nüvə torpedası atmaq qərarına gəlmişdi. Lakin qayıqdakı digər zabit Vasili Arxipov soyuqqanlılıq göstərərək partlayışların dağıdıcı deyil, siqnal xarakterli olduğunu düzgün qiymətləndirdi və nüvə zərbəsinə veto qoyaraq qlobal fəlakətin qarşısını aldı. 

Əgər həmin kritik anda qərarı insan deyil, yalnız sensor məlumatlarına və "hücum-cavab" alqoritmlərinə əsaslanan süni intellekt versəydi, sistem yaranmış mənzərəni birmənalı hücum kimi dəyərləndirəcəkdi. Nəticədə böyük ehtimalla nüvə torpedasını işə salınar və dünyanı geri dönüşü olmayan müharibəyə sürükləyərdi. Tarixdə buna bənzər çoxlu sayda misallar çəkmək olar", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026