Azərbaycan Mətbuat Şurası son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənara çıxması ilə bağlı bəyanat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, xüsusilə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilmədən məlumatların yayılması, hadisələrin tələsik və səthi təqdim olunması media fəaliyyətində məsuliyyət və peşəkarlıq məsələlərini gündəmə gətirir.
Mətbuat Şurası vurğulayıb ki, bu cür hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur.
Bildirilib ki, medianın ictimaiyyəti operativ məlumatlandırması vacib olsa da, bu, faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına baş verməməlidir.
Bəyanatda şəxsi həyatın toxunulmazlığı məsələsinə də xüsusi diqqət çəkilib. Qeyd olunub ki, ictimai əhəmiyyət daşımayan şəxslərin həyatına dair məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlara uyğun deyil.
Şura hesab edir ki, informasiyanın təqdimatı zamanı insan ləyaqətinə hörmət, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması əsas etik tələblər kimi nəzərə alınmalıdır.
Mətbuat Şurası media subyektlərini və jurnalistləri fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad prinsiplərini əsas götürməyə çağırıb.
Bəyanatın sonunda jurnalistikanın sensasiya, reytinq və diqqət cəlb etmək naminə ictimai əhəmiyyətli informasiya missiyasını qurban verməməli olduğu vurğulanıb.
Mətbuat Şurası media təmsilçilərini, jurnalistləri və müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırıb.
















