“Gürcüstan və Azərbaycan arasında əlaqələr uzunmüddətli dostluğa, qarşılıqlı hörmətə, etimada, suverenlik və ərazi bütövlüyünə hörmətə, eləcə də qarşılıqlı dəstəyə əsaslanır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər iki ölkə beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl şəkildə əməl edir və onların möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq edir.
Onun sözlərinə görə, görüşdə müxtəlif sahələrdə, o cümlədən təhsil və mədəniyyət istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Maka Botçorişvili vurğulayıb ki, iki ölkə arasında mövcud dostluq və qarşılıqlı münasibətlər müxtəlif istiqamətlərdə əlaqələrin daha da dərinləşdirilməsi üçün əsas yaradır.
Gürcüstanın XİN rəhbəri, həmçinin gələn ilin əvvəlində Ceyhun Bayramovu Tbilisidə qəbul etməkdən məmnun olacağını bildirib.
Zeynəb Rzayeva
















