Böyük Britaniya taxt-tacının varisi şahzadə Uilyamın “Anmer Hall” iqamətgahına qanunsuz daxil olan iki nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə LBC radiostansiyası Norfolk qraflığının polisinə istinadən məlumat yayıb.
Bildirilib ki, iki kişi oğurluğa cəhd və yaşayış evinə qanunsuz daxil olmaqda şübhəli bilinərək saxlanılıb. İqamətgahda şübhəli hərəkətlilik barədə polisə məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Axtarış əməliyyatında xidməti itlərdən, dronlardan və helikopterdən istifadə olunub.
Hazırda şübhəli şəxslər saxlanılıblar. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Norfolk qraflığındakı 10 yataq otağından ibarət malikanə Kraliça II Yelizavetanın şahzadə Uilyam və Keyt Midltona toy hədiyyəsi olub. Cütlük övladları ilə birlikdə həftəsonlarını və tətil günlərini tez-tez burada keçirir.
















