ABŞ-nin NATO ilə bağlı siyasətində mümkün dəyişikliklər qlobal təhlükəsizlik sistemində yeni müzakirələrə səbəb olub. Vaşinqtonun alyansdakı rolunu yenidən nəzərdən keçirməsi və Ukraynaya dəstək məsələsində fərqli yanaşmaların gündəmə gəlməsi transatlantik münasibətlərin gələcəyi ilə bağlı sualları artırır.
Bu vəziyyət təkcə ABŞ və Avropa arasında münasibətlərin deyil, ümumilikdə beynəlxalq güc balansının necə formalaşacağına dair ciddi siqnallar verir. NATO-nun daxili birliyi, Avropanın təhlükəsizlik strategiyası və Rusiyanın mövqeyi bu prosesdən birbaşa təsirlənə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ uzun illər NATO daxilində əsas güc və istiqamətverici aktor kimi çıxış edib. Bu mövqedə dəyişiklik ehtimalı təbii olaraq onun beynəlxalq sistemdəki roluna təsir göstərə bilər. Onun sözlərinə görə, əgər Vaşinqton daha selektiv və ya məhdudlaşdırılmış iştirak modelinə keçərsə, bu, müttəfiqlər arasında etimadı zəiflədə bilər:
“Digər tərəfdən, ABŞ bu addımı daxili resursları daha səmərəli yönəltmək məqsədilə də ata bilər. Bu isə qlobal liderlikdən tam imtina deyil, onun formatının dəyişməsi kimi də qiymətləndirilə bilər. Lakin nəticə etibarilə belə addımlar ABŞ-ın təsir dairəsinin strukturunu yenidən formalaşdıracaq”.
NATO daxilində ABŞ mövqeyinin dəyişməsinin hansı parçalanma risklərini yarada biləciyə gəlincə, müsahibimiz qeyd edib ki, NATO daxilində onsuz da bəzi strateji baxış fərqləri mövcuddur. ABŞ-nin daha passiv mövqe tutması bu fərqləri daha da kəskinləşdirə bilər. Xüsusilə Şərqi Avropa ölkələri təhlükəsizlik məsələlərində ABŞ-yə daha çox arxalanır və bu dayağın zəifləməsi narahatlıq yaradır. Qərbi Avropa isə daha çox müstəqil müdafiə mexanizmləri üzərində düşünməyə başlaya bilər. Bu isə alyans daxilində prioritetlərin fərqlənməsinə gətirib çıxarar. Nəticədə NATO formal olaraq mövcud qalsa da, daxilində koordinasiya zəifləyə bilər.
“ABŞ-nin bu yanaşması Rusiyaya hansı imkanları verə bilər” sualını cavablandıran politoloqun dediyinə görə, belə bir vəziyyət Rusiyanın strateji manevr imkanlarını genişləndirə bilər:
“Çünki Moskva uzun müddətdir NATO daxilində fikir ayrılıqlarını dərinləşdirməyə çalışır. ABŞ-nin rolunun zəifləməsi bu məqsədə dolayı yolla xidmət edə bilər. Bu, xüsusilə Ukrayna məsələsində Rusiyanın mövqeyini nisbətən gücləndirə bilər”.

Züriyə Qarayeva, politoloq
Z.Qarayeva hesab edir ki, eyni zamanda Rusiya region ölkələri ilə fərdi əlaqələri artırmağa çalışa bilər. Yəni bu dəyişikliklər Kreml üçün müəyyən geosiyasi fürsətlər yaradır.
Həmsöhbətimiz deyib ki, Avropa ölkələri artıq təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürmək məcburiyyətində qala bilər. Bu, Avropa İttifaqı daxilində müdafiə əməkdaşlığının güclənməsinə səbəb ola bilər. Eyni zamanda hərbi xərclərin artırılması və yeni təhlükəsizlik təşəbbüslərinin yaranması ehtimalı yüksəlir:
“ Lakin bütün Avropa ölkələrinin bu məsələdə eyni mövqedən çıxış etməsi də çətin görünür. Bəziləri ABŞ ilə əməkdaşlığı prioritet saymağa davam edəcək. Bu isə Avropanın daxilində də müəyyən strateji parçalanmalar yarada bilər”.
Zülfi Məmmədov
Bakı 




