İranın dəniz və hava zərbələri nəticəsində Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına dəyən ziyanın miqyası Ağ Evin açıqladığından qat-qat ağırdır.
Bakıvaxtı.az “NBC News” və “The Wall Street Journal” nəşrlərinin son hesabatlarına istinadən xəbər verir ki, ABŞ-nin bölgədəki 13 hərbi bazasından bir çoxu hazırda demək olar ki, “yaşayış üçün yararsız” vəziyyətdədir.
Məlumata görə, Tehranın raket və dron hücumları təyyarə anqarlarını, radar sistemlərini, peyk rabitə qurğularını və uçuş-enmə zolaqlarını sıradan çıxara bilib.
Xəbərdə vurğulanır ki, Pentaqon itkiləri gizlətmək üçün özəl peyk şirkətlərinin ABŞ bazalarının görüntülərini yayımlamasını bloklamağa çalışır. Lakin sızan məlumatlara görə, təmiri milyardlarla dollara başa gələcək zədələr arasında Qətərdəki “Al-Udeid” bazasında yerləşən 1,1 milyard dollarlıq radar sistemi və Bəhreyndəki 5-ci Donanmanın qərargahı da var.
Əməliyyatın iqtisadi yükü də ABŞ büdcəsi üçün ağırlaşır. “The Wall Street Journal”ın məlumatına görə, Vaşinqton İranla münaqişənin ilk iki ayında 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketindən istifadə edib ki, bu da ölkənin ümumi arsenalının dörddə birindən çoxdur. Raket ehtiyatlarının tam bərpası üçün isə azı 6 il vaxt və nəhəng vəsait tələb olunur.
Qeyd edək ki, “Iran War Cost Tracker” resursu ABŞ-nin əməliyyatlara xərclədiyi məbləğin artıq 61 milyard dolları keçdiyini bildirir. Respublikaçılar Partiyasının üzvləri isə administrasiyadan Yaxın Şərqdəki hərbi obyektlərin real vəziyyəti barədə Konqresə təcili hesabat verməsini tələb edirlər.
Xatırladaq ki, bir müddət əvvəl İran rəsmi Vaşinqtonu mülki əhalinin ölümünə səbəb olan hücumlarda ittiham etmişdi.
Bakı 




