Rusiya ordusunun Kiyevə qarşı həyata keçirdiyi son kütləvi raket və PUA hücumu Ukrayna müharibəsini yenidən dünya gündəminin əsas mövzularından birinə çevirib. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyanın addımlarını “qəddarlıq” adlandıraraq Avropa İttifaqının Ukraynanın hava hücumundan müdafiə sistemlərini daha da gücləndirəcəyini açıqlayıb. Son aylar Yaxın Şərqdə artan gərginlik səbəbilə Ukrayna mövzusunun qlobal gündəmdə nisbətən geri plana keçdiyi bir vaxtda Moskvanın belə genişmiqyaslı hücumlara başlaması diqqət çəkir.
Bakıvaxtı.az mövzunu politoloq Züriyə Qarayeva ilə müzakirə edib.
Onun sözlərinə görə, bu hücum ilk növbədə göstərir ki, Kreml müharibəni dondurmaq niyyətində deyil. Əksinə, Moskva həm hərbi, həm də psixoloji təzyiq xəttini genişləndirir. Müsahibimiz bildirib ki, son aylarda dünya mediasının diqqəti daha çox İran və Yaxın Şərq böhranına yönəlmişdi. Rusiya da məhz bu fonda Ukrayna istiqamətində təzyiqi artırmağa çalışır. Kiyev kimi böyük şəhərlərə hücumların məqsədi yalnız hərbi nəticə əldə etmək deyil. Burada əsas məqsədlərdən biri Ukrayna cəmiyyətində yorğunluğu artırmaq və Qərbə “biz geri çəkilmirik” mesajını verməkdir.
Ursula fon der Leyenin “Aİ Ukraynanın hava müdafiəsini gücləndirəcək” fikrinin prosesə nə dərəcədə real təsirinə gəlincə, politoloq qeyd edib ki, Avropa İttifaqının dəstəyi Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə hava hücumundan müdafiə sistemləri mülki əhalinin qorunmasında ciddi rol oynayır. Amma problem ondadır ki, Rusiya artıq uzunmüddətli müharibə modelinə keçib:
“Yəni Moskva Ukraynanın müdafiə sistemlərini tədricən yormaq strategiyası tətbiq edir. Buna görə də təkcə yeni sistemlərin göndərilməsi kifayət etmir. Davamlı sursat istehsalı, texniki xidmət və koordinasiya da əsas məsələyə çevrilir. Avropa bunu uzun müddət daşımağa hazır olmalıdır”.
Züriyə Qarayeva: Problem ondadır ki, Rusiya artıq uzunmüddətli müharibə modelinə keçib
“Son hadisələr fonunda Ukrayna müharibəsinin yeni mərhələyə keçdiyini demək olar” sualını cavablandıran həmsöhbətimizə görə, artıq müharibənin xarakterində müəyyən dəyişikliklər görünür. Politoloq bildirib ki, ilk mərhələlərdə tərəflər daha çox ərazi üstünlüyünə fokuslanırdı:
“İndi isə enerji infrastrukturu, şəhərlər və psixoloji təzyiq daha ön plana çıxır. Bu da müharibənin daha sərt və daha yorucu mərhələyə keçdiyini göstərir. Digər tərəfdən Qərb daxilində də Ukrayna məsələsinə yanaşmada yorğunluq hiss olunur. Moskva da məhz bu boşluqları hiss etdiyi üçün hücumların intensivliyini artırır. Yəni burada həm hərbi, həm siyasi, həm də informasiya savaşı paralel gedir”.
Z.Qarayeva hesab edir ki, hazırkı vəziyyətdə tərəflərin kompromisə yaxın olduğunu demək çətindir. Çünki həm Moskva, həm də Kiyev hələ özünü tam məğlub və ya zəif vəziyyətdə görmür. Üstəlik beynəlxalq mühit də mürəkkəbləşib. Dediyinə görə, ABŞ-də seçki mühiti, Yaxın Şərqdəki böhran və Avropanın təhlükəsizlik narahatlıqları prosesi daha da çətinləşdirir:
“Rusiya düşünür ki, zaman onun xeyrinə işləyə bilər. Ukrayna isə Qərb dəstəyinin davam edəcəyinə ümid edir”.
Züriyə Qarayeva buna görə yaxın aylarda daha çox hərbi və siyasi təzyiq mərhələsi görəcəyimizi düşünür.
Zülfü Məmmədov
Bakı 




