• Bakı 19° C

    12.63 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Müharibə rəsmən bitir? - Sülh bəyannaməsinin pərdəarxası

SİYASƏT

25 May 2026 | 13:19

Müharibə rəsmən bitir? - Sülh bəyannaməsinin pərdəarxası

ABŞ və İran arasında növbəti danışıqlar mərhələsinin iyunun 5-də keçirilə biləcəyi bildirilir. “Al Hadath” telekanalının məlumatına görə, Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra münaqişəyə tamamilə son qoyulması məqsədilə yekun məsələlər üzrə danışıqlar aparılacaq. İlkin razılaşmanın “İslamabad bəyannaməsi” adlandırılacağı da açıqlanıb.

Bəs bu sənəd tərəflərə nə vəd edir və region üçün hansı nəticələri doğura bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İran arasında danışıqların müəyyən çərçivə sazişinin imzalanması ilə yekunlaşması qətiyyən istisna deyil.

Onun sözlərinə görə, bunun üçün hər iki tərəfin kifayət qədər ciddi səbəbləri var:

“İran blokada vəziyyətində qalıb və iqtisadi-ticari problemlər yaşayır. Bu da maliyyə problemləri doğurur, sosial-iqtisadi böhran isə dərinləşir. Amerika Birləşmiş Ştatlarının da kifayət qədər ciddi problemləri var. Bu, həm dövlət olaraq, həm də Tramp administrasiyası baxımından iki istiqamətli problemlər zənciri formalaşdırır”.

Politoloq bildirib ki, Yaxın Şərqdə davam edən gərginlik ABŞ üçün həm siyasi, həm də maliyyə baxımından ciddi yük yaradıb:

“Amerika Birləşmiş Ştatlarına bəzi mənbələrin iddialarına görə, Yaxın Şərqdəki savaş 70 milyard dollar həcmində maliyyə xərci ilə başa gəlib və bu xərc artmaqda davam edir. Digər tərəfdən ABŞ NATO üzrə müttəfiqlərindən də gözlədiyi dəstəyi ala bilməyib. Vaşinqtonda da İranla bağlı siyasət ətrafında daxili siyasi gərginlik artır. Bütün bunlara paralel olaraq Amerika Birləşmiş Ştatlarında İran savaşı ilə bağlı Tramp administrasiyasına qarşı etiraz dalğası güclənməkdə davam edir. ABŞ Senatının qəbul etdiyi qərarla Tramp administrasiyasına İranla müharibəni davam etdirmək qadağan olunub”.

 Elçin Xalidbəyli: Bu sənəd artıq 95 faiz razılaşdırılıb

Müsahibimiz qeyd edib ki, hazırkı şəraitdə Vaşinqtonun danışıqlar masasında anlaşma imkanlarını dəyərləndirməkdən başqa ciddi alternativi qalmayıb:

“İndi Tramp administrasiyasının əl-qolu demək olar ki, bağlanmış kimi görünür. Ona görə də böyük ehtimalla ABŞ İranla danışıqlarda anlaşma pəncərəsi axtarmaq məcburiyyətindədir. Böyük ehtimalla müəyyən çərçivə anlaşmasının əldə olunacağı gözlənilir. Bəzi məlumatlarda sənəd üzrə razılaşmanın böyük hissəsinin artıq hazır olduğu qeyd olunur. Bildirilir ki, sənəd artıq 95 faiz razılaşdırılıb. Ancaq orada nüvə faktoru ilə bağlı bəzi məqamlar hələlik razılaşdırılmayıb və həmin istiqamətdə danışıqların davam etdiriləcəyi gözlənilir”.

E.Xalidbəyli hesab edir ki, mümkün razılaşma yalnız iki ölkə üçün deyil, region və dünya üçün də mühüm nəticələr verə bilər.

“Əgər anlaşma əldə olunarsa, bu olduqca önəmli addım hesab edilə bilər. Çünki dünyada daha bir savaşın dayanması beynəlxalq məkan, sülh və sabitlik baxımından ciddi əhəmiyyət daşıyır. Yaxın Şərqdə sabitliyin yaranması həm region ölkələri, həm də ətraf dövlətlər üçün real hərbi təhlükələrin azalması anlamına gəlir".

"Digər tərəfdən, əgər anlaşma əldə olunarsa, dünya iqtisadiyyatına vurulan zərbələrin də müəyyən qədər zəifləməsi müşahidə oluna bilər. Ümumilikdə, ABŞ və İran arasında çərçivə sazişi imzalanarsa, bu, yalnız region üçün deyil, bütün dünya üçün pozitiv addım olacaq”, - deyə Elçin Xalidbəyli əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

24 May 2026