• Bakı 19° C

    12.63 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Kredit bataqlığı böyüyür: Problemli borclar rekord həddə yaxınlaşır

CƏMİYYƏT

25 May 2026 | 14:11

Kredit bataqlığı böyüyür: Problemli borclar rekord həddə yaxınlaşır

Azərbaycanda problemli kreditlər 1 milyard manata yaxınlaşıb. Rəsmi statistikaya görə, vaxtı keçmiş kreditlərin məbləği 600 milyon manatı keçib.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə vaxtı keçmiş kreditlərin məbləği bir il ərzində 28,7 faiz artıb. Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93,8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ekspertlər bildirirlər ki, bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olması geri ödəmə imkanlarını çətinləşdirir. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən hesab olunur.

İqtisadçılar hesab edirlər ki, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin yüksəlməsi risklərin nəzarətdə saxlanılmasını vacib edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı millət vəkili Vüqar Bayramov deyib ki, problemli kreditlərin həcminin artması bank sektoru üçün arzuolunan deyil.

Onun sözlərinmə görə, son aylarda problemli kreditlərin həcminin artması müşahidə olunur:

“Problemli kreditlərin həcmindəki artımlar praktik olaraq bank sektorunda ciddi problemlər yaradır. Bəzi banklar tərəfindən verilən kreditlərin geri alınmasında çətinliklər yaradır. 2026-cı ilin ilk 4 ayında problemli kreditlərin həcmində təxminən 100 milyon manat artım müşahidə olunub. Əlbəttə, bu tendensiya heç də arzuolunan deyil və nəticə etibarilə bank sektoru üçün ciddi çağırışın yaranmasına səbəb olmaqdadır”.

Vüqar Bayramov: Problemli kreditlərin həcminin optimallaşdırılması vacibdir

Müsahibimiz qeyd edib ki, hələlik problemli kreditlərin ümumi kredit portfelindəki payı təhlükəli həddə deyil:

“Amma tendensiya problemli kreditlərin həcminin artması istiqamətindədir. Bu baxımdan, Mərkəzi Bank tərəfindən uyğun addımların atılmasına ethiyac var”.

Deputat hesab edir ki, birmənalı şəkildə problemli kreditlərin həcminin optimallaşdırılması, bankların, xüsusən kredit qərarları verilən zaman vətəndaşların ödəmə qabiliyətinin də nəzərə alınması vacibdir:

“Biz bununla problemli kreditlərin həcminin azalması və növbəti mərhələdə bu istiqamətdə daha optimal qərarların verilməsini müşahidə edə bilərik”.

Aydın Baxış


SON XƏBƏRLƏR

24 May 2026