• Bakı 26° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Yeni fənlərə ehtiyac var: Üzgüçülük və ilkin yardım dərsləri icbari ola bilərmi?

CƏMİYYƏT

24 Iyun 2026 | 12:16

Yeni fənlərə ehtiyac var: Üzgüçülük və ilkin yardım dərsləri icbari ola bilərmi?

Məktəblərdə üzgüçülük və ilkin tibbi yardım dərslərinin tədrisi son günlər müzakirə predmetinə çevrilib. Çünki bu məsələlər şagirdlərin həm fiziki, həm də həyati bacarıqlarının inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Üzgüçülük uşaqların sağlam böyüməsinə, fiziki hazırlığının artmasına və suda təhlükəsiz davranış qaydalarını öyrənməsinə köməklik göstərir. Bu bacarıq eyni zamanda boğulma hallarının qarşısının alınmasında mühüm rol oynayır.

İlkin tibbi yardım dərsləri isə şagirdlərə qəza və fövqəladə hallarda düzgün reaksiya verməyi aşılayır. Belə biliklər insan həyatının xilas edilməsində həlledici əhəmiyyət kəsb edə bilər. Dünyanın bir çox ölkələrində bu fənlər təhsil proqramlarının vacib hissəsinə çevrilib.

Maraqlıdır, Azərbaycan məktəblərində üzgüçülük və ilkin tibbi yardım dərsləri niyə tədris olunmur və bu, icbari ola bilərmi?

Bakıvaxtı.az-ın suallarını cavablandıran Elm və təhsil məsələləri üzrə tədqiqatçı, Təhsil xidmətləri üzrə mütəxəssis Elmin Nuri qeyd edib ki, orta məktəblərdə üzgüçülük və ilkin tibbi yardım dərslərinin təlqin olunması çox ciddi məsələdir:

“Kimsə “onsuz da təhsillə bağlı “N” qədər problem var” deyib, bu mövzuya qeyri-ciddi yanaşa bilər. Amma bu, çox ciddi məsələdir”.

Müsahibimiz qeyd edib ki, sözügedən predmetlərin məktəblərimizdə olmaması beynəlxalq ümumtəhsil trendlərindən kənarda qalmaq deməkdir:

“Avropa, Amerika məktəblərinə gedin, orada şagirdlərə ilk növbədə icbari şəkildə təhlükəsizlik qaydaları öyrədilir. Hətta valideylərə də aşılanır. Həmin məktəbələrə ilk ayaq basan şəxsə 30 dəqiqə ərzində təhlükəsizlik qaydaları öyrədilir. Müəyyən vaxtlarda hər hansı rəsmi tədbir başlamazdan öncə, 10-15 dəqiqə yanğından xilas yolları barədə təlimlər keçirilir, yanğın və ya hansısa fors-major baş verərsə, oradan necə xilas olmağa dair metodlar öyrədilir. Məsələyə peşəkar müstəvidə yanaşıblar. Bu həmişə də belə olacaq”.

Elmin Nuri: Təhlükəsizlik, mülki müdafiə seqmenti məktəblərdə çox zəifləyib

Mütəxəsssis hesab edir ki, bu kimi detallar Azərbaycan məktəblərində də öz əksini tapmalıdır:

“Bizdə niyə olmamalıdır? Bizdə təhlükəsizlik, mülki müdafiə seqmenti məktəblərdə çox zəifləyib. Ali məktəblərdə formal da olsa, buna dair işlər aparılır. Amma bu, orta məktəblərə də gəlməlidir. Heç olmasa, həftədə bir dəfə təhlükəsizlik və mülki müdafiə dərsləri keçilməlidir. İldə bir dəfə “Alarm saatı” təşkil olunur. Bununla da işi bitmiş heab edirlər. Məktəbin işi hərtərəfli vətəndaş yetişdirmək deyil? Buyurub, yetişdirsinlər. Şagirdlərə üzmə, fövqəladə hallarda, yanğın zamanı, fors-major hallarda nə etməli olduğu öyrədilməlidir. Təngənəslik, boğulma, panik-atak zamanı ilkin tədbirlərin həyata keçirilməsi aşılanmalıdır. Şagirdlər bunları bilməlidirlər. Bu bilgiləri əldə etdikləri təqdirdə həmişə özləri ilə daşıyacaqlar”.

“Biz niyə təhsili həmişə, fizika, kimya, ədəbiyyat, tarix və digər fənlərlə məhdudlaşdırırıq” deyən Elmin Nuri qeyd edib ki, biz yuxarıda sadalanan fənləri də oxumalı və onlardan da praktiki bilgi kimi istifadə etməliyik:

“Təəssüf ki, edə bilmirik. Bu gün o fənlər də bizim üçün nəzəriyyədən ibarətdir. Fizika mənə fors-major hallar üçün çıxış yolu vermirsə, onun nəzəriyyəsi və düsturarı mənə lazım deyil”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026