Prokuror Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın 10 il 3 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı çıxış edib.
Növbəti proses iyunun 8-nə təyin olunub.
Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan bank kart hesabı açılıb və həmin karta pul köçürülüb. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Auditorlar Palatası tanınıb.
Bakı 




