Azərbaycan və Ermənistan arasında normallaşma prosesində müşahidə olunan müsbət dinamika tərəflərin artıq yalnız sülh sazişinin mətninə deyil, gələcək əməkdaşlığın praktiki mexanizmlərinə də diqqət yetirdiyini göstərir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun prosesdə müsbət inkişafların müşahidə olunması barədə açıqlaması da bu kontekstdə dəyərləndirilməlidir. Hazırkı mərhələdə əsas məsələ əldə edilmiş siyasi razılaşmaların konkret iqtisadi və hüquqi nəticələrə çevrilməsidir.
TRIPP layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması ilə yanaşı, Ermənistanın beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası üçün də yeni imkanlar formalaşa bilər. Layihənin reallaşdırılması Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat dəhlizində əhəmiyyətini artırmaqla yanaşı, region dövlətlərinin tranzit gəlirlərinin və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yarada bilər.

Azərbaycan və Ermənistan arasında qarşılıqlı iqtisadi maraqların formalaşması uzunmüddətli sülhün təmin edilməsi baxımından da əhəmiyyətlidir. Onilliklər ərzində təhlükəsizlik problemlərinin və siyasi ziddiyyətlərin müəyyən etdiyi münasibətlərdə iqtisadi amillərin ön plana çıxması yeni regional reallıq yarada bilər. Qarşılıqlı ticarət, tranzit və investisiya imkanlarının genişlənməsi hər iki ölkə üçün mümkün qarşıdurmanın iqtisadi xərclərini artıracaq.
Vaşinqton sammitinin mühüm siyasi nəticələrindən biri normallaşma prosesinin daha konkret icra mexanizmləri üzərində qurulmasıdır. ABŞ-nin prosesdə iştirakı, nəqliyyat kommunikasiyalarının açılması istiqamətində aparılan müzakirələr və iqtisadi əlaqələrin formalaşması Cənubi Qafqazda geosiyasi münasibətlərə də təsir göstərir. Bununla belə, əldə olunan razılaşmaların davamlılığı tərəflərin üzərinə götürdükləri öhdəliklərin praktiki icrasından asılı olacaq.
Ermənistanın yeni Konstitusiya layihəsinin dərc edilməsi isə sülh prosesinin hüquqi müstəvidə irəliləməsi baxımından diqqətəlayiq hadisədir. Azərbaycan uzun müddətdir ki, Ermənistanın konstitusion-hüquqi bazasında ərazi iddialarına əsas yaradan istinadların aradan qaldırılmasının vacibliyini vurğulayır. Yeni Konstitusiyanın bu narahatlıqları aradan qaldıracaq formada qəbul edilməsi sülh sazişinin imzalanması qarşısındakı əsas maneələrdən birinin həllinə imkan verə bilər.
.jpg)
Bununla belə, Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması ilə onun hüquqi qüvvəyə minməsi arasında ciddi siyasi və prosedur mərhələləri mövcuddur. Ermənistan daxilində ictimai müzakirələrin gedişi və referendumun nəticələri prosesin gələcək istiqamətinə təsir göstərəcək. Azərbaycan-Ermənistan münasibətlərində davamlı normallaşmanın təmin edilməsi üçün siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və konstitusion-hüquqi təminatlar bir-birini tamamlamalıdır. Məhz bu üç istiqamətdə paralel irəliləyiş sülhün hakimiyyət dəyişikliklərindən və siyasi konyunkturadan asılılığını azalda bilər.
Züriyə Qarayeva
















