Soyuq mövsümdə, xüsusilə güclü küləkdə və şaxtada bir çox insan çöldə gözlərinin sulandığını hiss edir. Bu, əksər hallarda soyuğa qarşı təbii qoruyucu reaksiyadır. Lakin bəzən bu hal gözlə bağlı bəzi problemlərin də əlaməti ola bilər.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu oftalmoloq və cərrah Sapiyulla Abakarov deyib.
Onun sözlərinə görə, göz yaşı təbəqəsi gözün səthini örtür, nəmləndirir və xarici təsirlərdən qoruyur:
"Soyuq havada, xüsusilə küləkli havada gözün sabitliyi pozula bilər. Belə ki, külək nəmin buxarlanmasını sürətləndirir və göz səthini qıcıqlanmaya daha həssas edir. Bundan əlavə, soyuq hava göz yaşı vəziləri ilə əlaqəli duyğu sinir uclarını stimullaşdıraraq refleksli göz yaşı axmasına səbəb ola bilər. Soyuq havada göz yaşı axması əksər hallarda normal fizioloji reaksiyadır. Gözlər səthini mənfi xarici şəraitdən belə qorumağa çalışır. Lakin göz yaşları həddindən artıq axırsa, bu, göz həssaslığının artmasına və ya quru göz sindromu kimi bir pozğunluğa işarə edə bilər".
Həkim bildirib ki, soyuqda gözlərin sulanması üç problemin əlaməti ola bilər. Bura quru göz sindromu, göz yaşı axıtma problemləri və ya göz qapaqlarının iltihabı daxildir. Soyuq temperatur müvəqqəti olaraq göz qapaqlarının kənarlarında yerləşən kiçik dəlikləri daralda bilər.
"Soyuq havada narahatlığı azaltmaq üçün eynək taxmaq, birbaşa küləyə baxmamağa çalışmaq, rahat rütubət səviyyəsini qorumaq və gözləri ovuşdurmaqdan çəkinmək lazımdır", - Abakarov vurğulayıb.
Gülşən Şərif
















