Mütəmadi olaraq ehtiyac olmayan əşyaları sifariş etmək, borca düşmək və alış-verişi yaxınlarından gizlətmək məcburi alış-verişin əlamətləri ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, psixoloq Diana Lobanova “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, tez-tez alış-veriş etmək hər zaman asılılıq demək deyil.
Problem insanın lazımsız əşyalara davamlı pul xərcləməsi, büdcəsini aşması və günahkarlıq hissinə, ailədaxili münaqişələrə baxmayaraq bu davranışı dayandıra bilməməsi zamanı yaranır.
Psixoloqun sözlərinə görə, alış-veriş insanda qısamüddətli emosional rahatlıq yaradır. Sifariş vermək və bağlamanın gəlməsini gözləmək darıxmaqdan, narahatlıqdan və stressdən yayınmağa kömək edir. Lakin məhsul əldə edildikdən sonra yaranan sevinc tezliklə yox olur və insan növbəti dəfə özünü pis hiss etdikdə yenidən alış-verişə üz tutur.
Lobanova qeyd edib ki, onlayn marketlər də bu vərdişi gücləndirir. Fərdiləşdirilmiş tövsiyələr, endirim bildirişləri, vaxt məhdudiyyətli kampaniyalar, məhsulun az sayda qaldığı barədə xəbərdarlıqlar və sonradan ödəniş imkanları impulsiv alışları artırır.
Mütəxəssis bu davranışdan qurtulmaq üçün ilk növbədə alış-veriş vərdişlərini təhlil etməyi tövsiyə edir. Onun fikrincə, iki-üç həftə ərzində alınan məhsulları, xərclənən məbləği və sifarişdən əvvəlki emosional vəziyyəti qeyd etmək problemin səbəblərini müəyyənləşdirməyə kömək edə bilər.
Psixoloq impulsiv alışların qarşısını almaq üçün sifarişlə ödəniş arasında 48-72 saat fasilə verməyi məsləhət görür. Bu müddətdə alış-veriş istəyinin zəifləməsi mümkündür.
O, həmçinin hər hansı məhsulu almamışdan əvvəl onun həqiqətən lazım olub-olmadığını, evdə oxşar əşyanın mövcudluğunu və endirimsiz qiymətə də alınıb-alınmayacağını düşünməyi tövsiyə edib.
Bundan əlavə, reklam bildirişlərinin söndürülməsi, yadda saxlanılan bank kartlarının silinməsi, hissə-hissə ödənişlərdən imtina və aylıq alış-veriş limiti müəyyənləşdirilməsi faydalı ola bilər.
Lobanovanın sözlərinə görə, alış-veriş stressdən uzaqlaşmaq vasitəsinə çevrilibsə, bu vərdişi gəzinti, fiziki fəaliyyət və yaxınlarla ünsiyyət kimi alternativlərlə əvəzləmək vacibdir. Sadəcə alış-veriş tətbiqini silmək isə problemin kökündən həlli üçün kifayət etməyə bilər.
Murad İsmayıl
















