Noyabrın 25-də tanınmış müğənni Kəmalə Qaramollayevanın Heydər Əliyev Sarayında baş tutan konsert proqramı musiqisevərlərə unudulmaz sənət axşamı yaşadıb.
Bakıvaxtı.az xəbər verir ki, zəngin repertuarı, rəngarəng musiqi nömrələri və xüsusi səhnə təqdimatı ilə yadda qalan konsert sənətkarın ifaçılıq imkanlarını və musiqiyə fərdi yanaşmasını bir daha nümayiş etdirib.
Konsertdən öncə Kəmalə Qaramollayeva media nümayəndələrinin suallarını cavablandırıb. O, çox sevincli olduğunu, belə bir məsuliyyətli səhnədə çıxış etməyin qürurverici olduğunu bildirib.
Daha sonra məşhur musiqişünas, Heydər Əliyev Sarayında baş tutan bir çox konsertlərin musiqi rəhbəri olan Asif Kərimov əlavə edib ki, onunla çalışan növbəti müğənninin də ölkənin əsas səhnəsində konsert proqramı ilə çıxış etməsi çox müsbət haldır. Bu, həm də peşəkar Azərbaycan musiqisinin inkişafı və təbliği üçün atılan addımların nə dərəcədə əhəmiyyətli olmasının bariz nümunəsidir. Asif Kərimovun sözlərinə görə, Heydər Əliyev Sarayı yalnız və yalnız peşəkar musiqiçilərin səhnəsidir.
Konsertin açılışını Kəmalə Qaramollayeva öz bəstəsi olan “Hər şeyimsən” adlı mahnı ilə edib. İfaçı mahnını royalda özü müşayiət edərək səsləndirib. Onun həm bəstəkar, həm də ifaçı kimi təqdim etdiyi bu musiqi nömrəsi tamaşaçıların diqqətini cəlb edib və konsert gecəsinə xüsusi ovqat qatıb.
Konsert boyunca Kəmalə Qaramollayeva sevilən mahnılarını tamaşaçılara təqdim edərək onları musiqinin sehrli dünyasına aparıb.
Kəmalə Qaramollayeva konsert boyu nümayiş etdirdiyi ifaçılıq ustalığı, səhnə enerjisi və tamaşaçı ilə qurduğu səmimi ünsiyyətlə gecəyə xüsusi rəng qatıb. Muğamdan xalq musiqisinə, lirik bəstələrdən ritmik kompozisiyalara qədər geniş musiqi palitrasını əhatə edən proqram ifaçının repertuar zənginliyini və yaradıcılıq diapazonunu ortaya qoyub.
Tamaşaçıların hər bir ifanı alqışlarla qarşılaması, musiqi nömrələrinə göstərilən böyük maraq konsertin ümumi ab-havasına xüsusi təntənə qatıb.
Bu konsert yalnız musiqi nömrələrinin təqdimatı deyil, həm də milli musiqi ənənələrinə, sənətə və səhnə mədəniyyətinə verilən dəyərin ifadəsi kimi yadda qalıb. Kəmalə Qaramollayeva öz ifaları ilə bir daha göstərib ki, əsl sənət dinləyicinin qəlbinə yol tapmaq, fərqli musiqi duyğularını vahid səhnə kompozisiyasında birləşdirmək bacarığıdır.

























