ABŞ-nin İllinoys ştatında yaşayan təqaüdçü tanımadığı bir insana kömək etdikdən bir neçə gün sonra lotereyada 1 milyon dollar udub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İllinoys Lotereyasının mətbuat xidməti məlumat yayıb.
Adının açıqlanmasını istəməyən və özünü “şanslı təqaüdçü” adlandıran kişi bildirib ki, qalib biletini almamışdan qısa müddət əvvəl çətin vəziyyətdə olan birinə yardım edib.
“Mən düşündüm ki, bəlkə də başıma yaxşı bir şey gələcək”, – deyə o bildirib.
Kişi lotereya biletlərini alarkən falçılıq peçenyelərində gördüyü rəqəmlərdən istifadə edib. Lakin 1 milyon dollar qazandıran bilet təsadüfi seçilən rəqəmlərdən ibarət “Quick Pick” bileti olub.
“Quick Pick” vasitəsilə udmağım çox gülməlidir”, – deyə qalib qeyd edib.
“Lotto Million 2” lotereyasının tirajı oktyabrın 26-da keçirilib. Qalibin biletindəki 14, 18, 20, 21, 27 və 31 rəqəmləri tirajın nəticələri ilə tam uyğun gəlib. Kişi nəticələri lotereya tətbiqində bir neçə dəfə yoxladıqdan sonra mükafatı almaq üçün müraciət edib.
Yeni milyonçu qazandığı pulla miniven almağı və Las-Veqasa səyahət etməyi planlaşdırır.
“Bu, təqaüdə çıxmağım üçün mükəmməl hədiyyədir. Nəhayət, rahatlıq tapa biləcəyəm”, – deyə o bildirib.
Qeyd edək ki, qalib biletin satıldığı mağaza da 10 min dollar bonus əldə edəcək.
Murad İsmayıl
















