“Cambridge, IB və Pearson kimi beynəlxalq təhsil proqramları dünyanın müxtəlif ölkələrində, o cümlədən bəzi dövlətlərdə milli proqram kimi tətbiq olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu fizika və təbiət dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə jurnalistlər üçün təşkil olunan təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, təbiət elminin tədrisinin bu formada qurulması beynəlxalq təcrübəyə əsaslanır. Yalçın İslamzadə İngiltərənin 1860-cı illərdəki tədris proqramından nümunə gətirərək həmin dövrdə şagirdlərdən gördükləri bitkilərin kökünü və digər hissələrini dəqiqliklə təsvir etmələrinin tələb olunduğunu söyləyib.
Onun sözlərinə görə, bu yanaşma həmin dövrdə İngiltərənin dünyaya açılması və müxtəlif ərazilər haqqında ətraflı məlumat toplamaq ehtiyacı ilə əlaqəli olub.
Yalçın İslamzadə əlavə edib ki, PISA qiymətləndirməsindən sonra elmi savadlılığın inkişafı da xüsusi əhəmiyyət qazanıb. Onun fikrincə, insanın hansı peşəni seçməsindən asılı olmayaraq, xəstəliklərə səbəb olan mikroorqanizmlər və zərərli patogenlər haqqında ilkin biliklərə malik olması vacibdir.
Zeynəb Rzayeva
















