26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. FHN-dən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində tikiliyə ziyan dəyib, 2 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Günəş Mərd
















