Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində valideyn konfranslarına başlanılıb.
İdarədən Bakıvaxtı.az-a bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüş Yasamal, Nəsimi və Nizami rayonları üzrə təşkil olunub. Tədbirdə BŞTİ-nin struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları və valideynlər iştirak ediblər.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova məktəb və ailənin bir-birini tamamlayan vahid komanda olduğunu, uşaqların biliklərə yiyələnməsi və sağlam şəxsiyyət kimi formalaşmasında valideyn dəstəyinin əvəzsiz rol oynadığını vurğulayıb. Müasir dövrün çağırışlarına uyğun nəslin yetişdirilməsi, şagirdlərin psixoloji sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkili baxımından məktəb-valideyn əməkdaşlığının əhəmiyyətini qeyd edən Nərminə Hüseynova valideynlərin fikir və təkliflərinin bu sahədə işin təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib.
Konfransda BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev də çıxış ediblər. Çıxışlarda şagirdlərin sağlam həyat tərzinin formalaşdırılması, düzgün qidalanması və gündəlik rejiminin təşkili, yeniyetməlik dövründə yarana biləcək risklərdən qorunması məsələlərinə toxunulub. Ailədaxili sağlam ünsiyyətin və valideyn nəzarətinin vacibliyi, eləcə də uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi, internet resurslarından təhlükəsiz istifadəsi üçün valideynlərin rəqəmsal savadlılığının artırılmasının əhəmiyyəti vurğulanıb.
Bakı şəhəri 71 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini, psixoloq Səidə Əhmədova “Uşaqların zorakılıqdan və bulinqdən müdafiəsində ailənin və məktəbin birgə məsuliyyəti” və “Yeniyetmələrin psixoloji sağlamlığı, emosional inkişafı və ailə mühitinin uşaqların davranışına təsiri” mövzularında təqdimatla çıxış edib. O, valideyn və müəllim əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini konkret nümunələr əsasında izah edib. Qeyd olunub ki, valideyn konfranslarının keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafına dəstək vermək, təlim-tərbiyə prosesində valideynlərin iştirakını davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq etməkdir.
Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkili nəzərdə tutulur.





















