Oxuyub-anlama, riyazi savadlılıq və elmi savadlılıq müasir təhsil sistemində formalaşdırılmalı olan üç əsas bacarıqdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu fizika və təbiət dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə jurnalistlər üçün təşkil olunan təlim-müzakirə sessiyasında deyib.
Onun sözlərinə görə, PISA beynəlxalq qiymətləndirmə proqramının əsas məqsədi ölkələrin təhsil sistemlərində şagirdlərin oxuyub-anlama, riyazi və elmi savadlılıq səviyyəsini ölçməkdir.
Y.İslamzadə bildirib ki, beynəlxalq təcrübədə birinci sinifdən səkkizinci sinfə qədər tədris olunan “Science” fənni təbiət elmlərini əhatə edir. Bu istiqamət fiziki elmlər və həyat elmləri olmaqla iki əsas qrupa ayrılır.
O qeyd edib ki, fiziki elmlərə astronomiya, coğrafiya, fizika və kimya, həyat elmlərinə isə zoologiya, botanika və anatomiya daxildir. Aşağı siniflərdə bu sahələrin bir-biri ilə əlaqəli şəkildə tədrisi məqsədəuyğun hesab olunur.
Həmmüəllif elmi savadlılığın əhəmiyyətini pandemiya dövründəki təcrübə ilə də əlaqələndirib. Onun fikrincə, insanların vaksinlər və yoluxucu xəstəliklər barədə düzgün elmi məlumata malik olması həyati əhəmiyyət daşıyır.
Y.İslamzadə bildirib ki, elmi savadlılığın formalaşdırılması şagirdlərin gələcəkdə gündəlik həyatda qarşılaşacaqları məsələləri düzgün qiymətləndirmələrinə kömək edir.
Zeynəb Rzayeva
















