“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli qərarı ilə təsdiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev Agentliyin təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirində deyib.
Onun sözlərinə görə, yeni sənəd uşaqların və onlara nəzarət edən şəxslərin həyat və sağlamlığının qorunması, eləcə də oyuncaqların təhlükəsizliyi ilə bağlı istehlakçıların yanlış məlumatlandırılmasının qarşısının alınması məqsədi daşıyır.
Texniki reqlament oyuncaqların konstruksiyasına, istehsalında istifadə olunan materiallara, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilərinə dair məcburi tələbləri müəyyən edir.
Sənəd oyuncaq musiqi alətləri və qurğuları, uşaq topları, uşaqlar üçün hovuzlar və digər məhsulları əhatə edir.
Reqlamentin tələblərinə uyğunluq sertifikatlaşdırma yolu ilə qiymətləndiriləcək. Sənəd dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.
Zeynəb Rzayeva
















