Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç XİN-in bəyanatında bildirilib.
Qeyd olunub ki, rusiyalı diplomata noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə bağlı Stokholmun mövqeyi çatdırılıb. Bundan əlavə, İsveç tərəfi Danimarka ərazisində Ukrayna və ABŞ vətəndaşına qarşı sui-qəsdin hazırlanması ilə bağlı iddiaları pisləyib. Kopenhagen bu işdə Rusiyanın əli olduğunu bildirir.
"İsveç müttəfiqlərimiz olan Polşa və Danimarkaya tam dəstək verir. Rusiyanın Avropanı bölmək və Ukraynaya dəstəyi sarsıtmaq cəhdləri uğurla nəticələnməyəcək. Biz əsas xarici siyasət prioritetimiz olan Ukraynanı dəstəkləməyə davam edirik", - İsveçin XİN rəhbəri Mariya Malmer Stenerqard bildirib.
Görüş zamanı İsveç, Avropa Birliyi və NATO-nun Ukraynaya dəstək göstərməyə davam etmək əzmi də vurğulanıb.
Rusiyanın İsveçdəki səfirliyi isə Moskvanın Polşanın hava məkanının pozulmasında və ya Danimarka ərazisindəki qanunsuz fəaliyyətlərdə iştirakına dair inandırıcı sübutların təqdim olunmadığını bildirərək ittihamları rədd edib.
















