Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafı Türk dünyasında siyasi və institusional inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İki ölkə arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi dövlət başçıları səviyyəsində formalaşmış siyasi iradənin qanunvericilik müstəvisində də davam etdirildiyini göstərir. Bu, ikitərəfli münasibətlərin yalnız diplomatik əlaqələrlə məhdudlaşmadığının göstəricisidir.
Noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumu bu baxımdan xüsusi diqqət çəkir. Forum çərçivəsində 2027–2028-ci illəri əhatə edən “Yol xəritəsi” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. İmzalanan sənədlər qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə, parlament diplomatiyasının gücləndirilməsinə və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə imkan yaradacaq.

Azərbaycan və Özbəkistan münasibətlərinin inkişafında diqqət çəkən əsas məqam əməkdaşlığın getdikcə daha sistemli xarakter almasıdır. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ardınca 2026-cı ildə Əbədi dostluq Müqaviləsinin imzalanması tərəflərin uzunmüddətli siyasi hədəflərini ortaya qoyur. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi isə dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların həyata keçirilməsi üçün hüquqi zəminin genişləndirilməsi deməkdir.
Bu yaxınlaşmanın geosiyasi və geoiqtisadi tərəfləri də var. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm strateji mövqeyə malikdir. Orta Dəhlizin inkişafı, birgə investisiya layihələri, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir. Parlamentlərarası əməkdaşlıq bu istiqamətlərdə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və iqtisadi təşəbbüslərin həyata keçirilməsinə əlavə dəstək verə bilər.

Bütövlükdə, Bakı ilə Daşkənd arasında münasibətlərin inkişafı Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiya proseslərinə də müsbət təsir göstərə bilər. Türk dünyasının güclənməsi yalnız ortaq tarixi və mədəni dəyərlərlə deyil, konkret siyasi, iqtisadi və institusional mexanizmlərlə mümkündür. Azərbaycan və Özbəkistanın bu istiqamətdə atdığı ardıcıl addımlar digər türk dövlətləri üçün də nümunə ola biləcək əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.
Züriyə Qarayeva
















