Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 8 iyun tarixində baş tutmuş proses zamanı zərərçəkmiş şəxs qismində tanınan Ruhin Tağıyev ifadə verib. O bildirib ki, 30 min manatı Zaur adlı şəxsin iştirakı ilə Oktay Babayevə verib. Ruhin Tağıyevin sözlərinə görə, həmin vəsaiti borc götürərək ödəyib.
Məhkəmə iclasında dindirilən digər şəxs Kamil Cəlilovun da ifadəsi dinlənilib. Bildirilib ki, onun əvvəlki ifadələri ilə hazırkı açıqlamaları arasında müəyyən ziddiyyətlər mövcuddur. İclas zamanı bu ziddiyyətlər ətrafında müzakirələr aparılıb.
Təqsirləndirilən Oktay Babayev isə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, məhkəmədə çıxışı zamanı səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini deyərək, bütün ittihamları təkzib edib.
Məhkəmənin qərarına əsasən, cinayət işi üzrə növbəti məhkəmə iclası bu gün baş tutacaq.
Bildirək ki, Oktay Babayevin hərbi fəaliyyəti ilə bağlı da yeni iddialar ortaya çıxıb.
Şikayətçinin Bakıvaxtı.az-a verdiyi məlumata görə, sabiq hərbi qulluqçu Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunda Hərbi Polis İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə əsgərlərə qarşı fiziki və psixoloji təzyiq göstərib.
İddialarda həmçinin hərbi qulluqçuların müəyyən məbləğ qarşılığında bir xidmət yerindən digərinə təyinat almasına vasitəçilik etdiyi də qeyd olunur.
Murad İsmayıl
Bakı 



